
Üç gün davam edəcək iclasda ölkədəki aktual problemlər, ilk növbədə iqtisadi böhran və işsizlik məsələləri, qızların yuxarı siniflərdə (altıncı sinifdən sonra) təhsili ilə bağlı vəziyyət müzakirə olunacaq.
Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC Ariana News telekanalına istinadla xəbər verir ki, şuranın iclasında “Taliban” hərəkatının formalaşdırdığı müvəqqəti hökumətin sədri Məhəmməd Həsən Axund, həmçinin 3500-ə yaxın üləma və ölkənin hər yerindən gələn tayfa başçıları iştirak edirlər.
Əfqanıstanın Ağsaqqallar Şurası sonuncu dəfə 2020-ci ilin avqustunda, “Taliban” hərəkatının hakimiyyətə gəlməsindən bir il öncə toplanıb.
Xatırladaq ki, 2021-ci ilin yaz aylarında ABŞ-ın öz hərbçilərini ölkədən çıxarmaq barədə qərarından sonra “Taliban” Əfqanıstanda hakimiyyəti ələ almaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Həmin il avqustun 15-də taliblər paytaxt Kabilə döyüşsüz daxil olub. Sentyabrın 6-da bütün Əfqanıstan ərazisinə nəzarətin qurulduğunu elan edən hərəkat müvəqqəti hökumət formalaşdırıb. Lakin hökumətin legitimliyi hələ ki, heç bir ölkə tərəfindən tanınmayıb.