26 İyun, 2022
İƏT-in Bakıda keçiriləcək Turizm Nazirlərinin İslam Konfransının XI sessiyasının gündəliyi açıqlanıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədəki Baş katibliyi iyunun 27-29-da Bakıda keçiriləcək Turizm Nazirlərinin İslam Konfransının XI sessiyasının gündəliyini açıqlayıb.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Yerli icmaların turizmin inkişafında rolu” mövzusunda təşkil olunacaq üçgünlük tədbirdə İƏT-ə üzv ölkələrdə turizm sektorunun inkişafının yol xəritəsi, COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin beynəlxalq turizmin inkişafına təsiri məsələləri müzakirə olunacaq. Sessiyada, həmçinin İƏT-in Baş katibinin təşkilatın Turizm Proqramının icrası, “İƏT Turizm Şəhəri”nin illik qeyd olunmasının qiymətləndirilməsi və bütün il boyu davam edən tədbirlərin kütləviliyinin təmin edilməsinə dair hesabatı dinləniləcək. Eyni zamanda, 2023-cü və 2024-cü illər üçün “İƏT Turizm Şəhəri” mükafatının yeni qaliblərinin seçilməsi qaydaları ətrafında fikir mübadiləsi aparılacaq.

İclasda İƏT-ə üzv dövlətlərin bir çoxunun uyğun qurumları tərəfindən bəzi turizm layihələrində əldə edilmiş irəliləyişlərə toxunulacaq, İƏT turizm yarmarkalarının təşkili sahəsində perspektivlər, turizmin müxtəlif sahələrinin uğurlu təşkili ilə bağlı qarşıda duran vəzifələr müzakirə ediləcək, habelə birgə yarmarkaların təşkili üçün strategiyanın hazırlanması məsələsinə baxılacaq.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11471.html