13 İyun, 2022
İmanlı insanlar Qiyamət günü kimlərlə yoldaşlıq edəcəklər?

 

Quran ayəsinə görə Allaha və Onun Peyğəmbərinə itaət edənlər peyğəmbərlər, sadiqlər, şəhidlər və saleh insanlarla yoldaşlıq edərlər. Bu, o qədər böyük bir nemətdir ki, hətta axirət dünyasında cənnət nemətlərini təkmil etmək üçün o itaətkar insanlara bəxş edilir. Yəni, onların bütün nemətlərdən əlavə peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər kimi yoldaşları olacaq.

“Nisa” surəsinin 69-cu ayəsindən əldə etmək olar. Ayədə deyilir:


وَ مَنْ یُطِعِ اللّهَ وَ الرَّسُولَ فَاُولئِکَ مَعَ الَّذینَ اَنْعَمَ اللّهُ عَلَیْهِمْ


"Allaha və Onun Peyğəmbərinə itaət edənlər Allahın nemət verdiyi kəslərlə birlikdədirlər".


Necə ki, “Həmd” surəsində bu nemətlərə layiq görülən kəslərin daim düz yolda addımladıqlarından və yoldan azacıq çıxmadıqlarından söz açılır. Daha sonra bu cümləni izah etmək və Allahın nemət verdiyi insanların kimliyini bəyan etmək üçün dörd qisim insanlara toxunur. Bu dörd qrup mövzumuzun əsas sütunlarıdır. Onlar peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərdir:


مِنَ النَّبِیِّینَ وَ الصِّدِّیقینَ وَ الشُّهَداءِ وَ الصّالِحینَ وَ حَسُنَ اُولئِکَ رَفیقاً

"Peyğəmbərlər, sadiqlər, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlar... Onlar gözəl dostlardır."

Bu dörd dəstə insanları aşağıdakı formada izah etmək olar:

1. Peyğəmbərlər və Allahın xüsusi elçiləri. Onlar insanların hidayət və rəhbərliyi, eləcə də onları doğru yola yönəltmək üçün ilk addımı atmış insanlardır. (Nəbiyyin)

2. Doğruçular və düz danışanlar. Onlar həm düz danışan, həm də əməlləri ilə sözlərinin doğruluğunu sübut edən insanlardır. Onlar əməlləri ilə göstərirlər ki, yalnız dildə iman iddiası etmirlər, Allahın fərmanlarına sadiqanə iman gətirmişlər.( Siddiqin)

Bu addan aydın olur ki, peyğəmbərlik məqamından sonra sidq və doğruluq məqamından üstün məqam yoxdur. Yalnız dildə deyil, əməl və düşüncədə də sadiqdirlər ki, əmanətdarlıq və ixlasa da şamil olur. Çünki. düz danışmaq sözdə əmanətdarlıq sayıldığı kimi, əmanətdarlıq da əməldə sadiqlikdir.

Əks tərəfdən isə küfrdən sonra söz və əməldə heç bir çirkin sifət yalan, ikiüzlülük və xəyanətkarlıqdan pis ola bilməz. (Diqqət etmək lazımdır ki, siddiq sözü ərəb dilində mübaliğə formasıdır. Mənası başdan-ayağa düzlük və sədaqətdən ibarət insan deməkdir.

Bəzi hədislərdə “siddiq” sözü Əli (əleyhis-salam) və Əhli-beyt imamlarına deyilir. Qeyd etdiyimiz kimi, bu qəbildən olan təfsirlər ayənin aydın və ali nümunəsinin bəyanıdır və ayənin mənası yalnız bunlarla bitmir.

3. Şəhidlər. Onlar pak ilahi əqidə və hədəf yolunda öldürülənlərdir. Yaxud da Qiyamət günü insanların əməllərinə şahid olan böyük insanlardır. (Şühəda)

4. Salehlər. Onlar müsbət, qurucu və faydalı işlər görməklə, peyğəmbərlərin göstərişlərinə itaət etməklə yüksək məqamlara nail olmuş ləyaqətli və böyük insanlardır. (Salihin)

Hədislərdə salehlər imamların seçilmiş tərəfdarlarına və dostlarına deyilir. Bu da “siddiqin” sözündə qeyd etdiyimiz kimi ayənin ən bariz nümunəsidir. Burada bir məsələyə diqqət yetirmək lazımıdır: Bu dörd mərhələnin sadalanması bəlkə də onun üçündür ki, sağlam və təqdirəlayiq bir cəmiyyət yaratmaq üçün peyğəmbərlər və haqq rəhbərlər irəli gəlməlidir. Sonra sözləri və əməlləri həmahəng olan siddiq təbliğatçılar irəli gəlməli, onların hədəflərini yaymalıdırlar, haqq yolunun qarşısında maneə olan adamlarla mübarizə aparmalıdırlar. Bu səylər nəticəsi pak və layiqli cəmiyyətin yaranmasıdır.

Aydındır ki, saleh insanlar da haqq məşəlini gələcək nəsillər üçün saxlamaq istiqamətində həmin üç vəzifəni yerinə yetirəcəklər. Onlar rəhbərlik , təbliğ edəcək və qurban verəcəklər.
Bundan əlavə, yuxarıdakı ayələrdən bu həqiqət aşkar olur ki, yaxşı və dəyərli yoldaş məsələsi o qədər əhəmiyyət daşıyır ki, hətta axirət dünyasında cənnət nemətlərini təkmil etmək üçün bu böyük nemət itaətkar insanlara bəxş edilir. Onların bütün nemətlərdən əlavə peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər kimi yoldaşları olacaq.

İtaətkar insanların bu dörd fəzilətə sahib olması onların məqam və mərtəbə baxımından tamamilə eyni olmaları demək deyil. Onlar bir-biri ilə yaxın olsa da hər birinin ilahi lütf və nemətlərdən (öz məqamına uyğun olaraq) özünəməxsus payı var. Necə ki, bir bağda olan ağaclar, güllər və bitkilər bir-birinin ətrafında olsalar da, günəşin şüasından və yağışdan qidalansalar da, onların payı eyni deyil.

Mənbə: Məkarem

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11401.html