22 İyun, 2021
Misir ICESCO-nun Baş Konfransına ev sahibliyi edəcək

Misir bu ilin dekabrında keçiriləcək İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş Konfransının 14-cü sessiyasına ev sahibliyi edəcək. Tədbirdə UNESCO və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Ahlibeyt.az-ın xəbərinə görə, Təşkilatın baş qərargahından AZƏRTAC-a bildiriblər ki, ICESCO-nun Baş direktoru Salim Məhəmməd əl-Malik və Misirin ali təhsil və elmi tədqiqatlar naziri Xalid Əbdül Qaffar arasında keçirilmiş virtual müzakirədə Baş Konfransın sessiyasına hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş direktor və misirli nazir qeyd ediblər ki, tədbir günlərində ICESCO-nun elan etdiyi “Qadın ili” çərçivəsində Misirin birinci xanımı İntizar əl-Sisinin sədrliyi ilə ayrıca konfrans da keçiriləcək. Bundan başqa, təşkilat İslam dünyasında elmi tədqiqatlar və təhsil sahələrində yüksək nailiyyətlərin nümayiş olunacağı sərgi də təşkil edəcək. Baş Konfransın sessiyasında COVID-19 pandemiyası dövründə təhsil və mədəniyyət sahələrində innovativ layihələr, habelə süni intellekt inkubatorlarının təşviqi də müzakirə olunacaq.

Baş Konfransın 14-cü sessiyasında əsas müzakirə mövzuları sırasında islamofobiya ilə mübarizə, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoq, müsəlman aləmində insan hüquqlarının qorunması, İslam irsi abidələrinin mühafizəsi, bərpası və təbliği də var.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11185.html