15 May, 2012
Ərəb monarxiyaları birləşmək fikrinə düşüblər

Səudiyyə Ərəbistanı ilə Bəhreyn şiələrin etirazlarını neytrallaşdırmaq məqsədilə birləşmək qərarına gəliblər. Hər iki ölkədə ikinci dərəcəli vətəndaş sayılan şiə müsəlmanları (Bəhreyndə 70%, Səudiyyə Ərəbistanında 20%) İranın təsir rıçaqları kimi qəbul olunur. Bununla da ərəb monarxiyaları İranın regionda təsirini azaltmağa çalışırlar. Bu barədə “Salaminfo.az”  “World Bulletin”ə istinadən xəbər verir.

 Hələ altı ay öncə Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının (FKÖƏŞ) iclası zamanı Səudiyyə rəhbərliyi Küveyt, Qətər, BƏƏ və Omanı ittifaq dövlət qurmağa çağırmışdı. Bəhreyndən başqa bu fikri ciddiyə alan ölkə olmadı. Bunun əsas səbəbi Bəhreyndə bir ildən artıq davam edən üsyandır. Əsasən şiələrdən ibarət müxalifət qüvvələri ölkədə mütləq monarxiyanın devrilməsini tələb edir. ABŞ-ın müttəfiqi sayılan Bəhreyn rəhbərliyi isə Səudiyyə Ərəbistanının hərbi müdaxiləsi nəticəsində üsyanı nisbətən səngidə bildi.

 

Hazırda müxalifət Səudiyyə Ərəbistanı ilə birləşmək planına kəskin etiraz edir. Müxalif “Vəfaq” partiyasının sədri Əli Salman belə qərarların hakim sülalə tərəfindən deyil, Bəhreyn xalqı tərəfindən verilməli olduğunu bəyan edib.

 

“Daily Telegraph” xəbər verir ki, Bəhreyn XİN-i yalnız Avropa İttifaqı modelinə uyğun birliyi məqbul sayır. İki dövlətin tam siyasi inteqrasiyası rəsmi Manama tərəfindən müzakirə olunmur. Dünən keçirilən FKÖƏŞ iclasında Qətər də anoloji mövqe sərgiləyib. Digər ölkələr isə hələki söz deməkdən çəkinirlər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1110.html