
Misirdə ilk hüseyniyyənin açılışı ilə bağlı yayılan xəbər bu ölkədə yaşayan bəzi din xadimləri birmənalı qarşılanmayıb. “Shia-online” xəbər verir ki, Şeyx Məhəmməd Əbdülməlik Zəğəbi həmin hüseyniyyənin açılışı və livanlı din xadimi Hüccətülislam-vəl-müslimin Şeyx Kuraninin bununla bağlı Qahirəyə səfərini tənqid edən bəyanat yayıb.
Bəyanatında Misir əhli-sünnəsinə müraciət edən Zəğəbi onları şiə hüseyniyyəsinin açılışına müxalif çıxmağa çağırıb. Onun sözlərinə görə, bütün dünya bilməlidir ki, Misir əhli-sünnəsi buna müxalifdir.
Hüseyniyyənin açılışını “Misirdə şiəliyin yayılması” təhlükəsi adlandıran din xadimi Əl-Əzhər universitetinin rəhbərliyindən məsələyə qarışmağı tələb edib. O, hüseyniyyənin qısa bir zamanda bağlanmasını və dağıdılmasını məqsədəuyğun sayır. Həmin bəyanatda ibadət evinin açılışında iştirak edən hər bir şəxsin həbs edilməsi də tələb olunub.
Özünü və şagirdlərini “Misirdə şiəliklə mübarizənin liderləri” kimi təqdim edən Şeyx Zəğəbi həmvətənlilərini “şiələri rüsvay etməyə” çağırıb.