5 Noyabr, 2019
Əhaliyə hüquqi yardım göstərilməsi layihəsinin təqdimat mərasimi keçirilib

Noyabrın 4-də Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin alternativ həlli və əhaliyə hüquqi yardım göstərilməsi” adlı birgə layihənin təqdimatı keçirilib.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, ikiillik müddət üçün nəzərdə tutulmuş layihənin əsas məqsədi "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun icrası və əhaliyə göstərilən hüquqi yardımın təkmilləşdirilməsidir. Ümumi büdcəsi 999 min 566 avro olan layihə qanunun və Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı həyata keçirilir.

Təqdimat mərasimində çıxış edən Azərbaycanın Ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycan və Avropa İttifaqı arasında məhkəmə-hüquq sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən və tədbirlərdən danışıb. Nazir müavini bildirib ki, təqdimatı keçirilən layihənin ölkəmizdə reallaşdırılması üçün ilkin mərhələdə seminarlar təşkil olunub, qanun layihəsi hazırlanaraq təqdim edilib. Layihə ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Ədliyyə Nazirliyi Dünya Bankı ilə keçirdiyi mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturunun layihəsi komponentini hazırlayıb. O, layihənin Azərbaycan ədliyyəsi üçün uğurlu olacağına əminliyini ifadə edib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas icra olunacaq yeni layihənin Avropa İttifaqı ilə Azərbaycan arasında məhkəmə-hüquq sahəsində qurulan səmərəli əməkdaşlığın inkişafına xidmət edəcəyinə, məhkəmə sisteminin səmərəliliyinin daha da artırılmasına töhfə verəcəyinə inandığını söyləyib. O bildirib ki, 2020-ci ilin iyul ayına qədər layihə ilə bağlı təlimlər keçiriləcək. Burada əsasən ailə, kommersiya və əmək məsələləri diqqətdə saxlanılacaq.

Mediatorlar Leonardo D’urso (İtaliya), Konstantin Adi Qavrila (Rumıniya) və Ruslan Mirzəyev (Azərbaycan) layihə çərçivəsində görüləcək işlər və yol xəritəsi barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas komponentləri mediasiya sahəsində strategiyanın müəyyən edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, Mediasiya Şurasının yaradılması, rəsmi təlimlərin başlanması, mediasiyanın təbliği, hüquqi yardımın, xüsusilə də ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı tövsiyələrin hazırlanmasıdır.

Tədbirdə "Mediasiya haqqında" Qanunun səmərəli və lazımi qaydada icrası məqsədilə ən qısa zamanda Mediasiya Şurasının yaradılmasının və rəsmi mediasiya təlimlərinin başlanmasının zəruriliyi vurğulanıb.

Layihənin açılış mərasimində beynəlxalq təşkilatların, xarici dövlətlərin, ictimai qurumların, aidiyyəti dövlət orqanlarının, məhkəmələrin nümayəndələri iştirak ediblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9930.html