5 Noyabr, 2019
Rövşən Abdullaoğlunun kitabı Türkiyədə böyük marağa səbəb olub

Ölkəmizdə bestseller kitablar müəllifi kimi tanınan yazıçı Rövşən Abdullaoğlu son günlərdə yeni uğuru ilə gündəmdədir. Yazıçının qardaş ölkə Türkiyədə 4 ay bundan əvvəl işıq üzü görən "Çətin olsa da, həyat davam edir" adlı motivasiya kitabının ilk nəşri tez bir zamanda satılıb qurtardı.

Qeyd edək ki, uzun illər Azərbaycanda da ən çox oxunan kitablar siyahısında yer alan bu kitab Türkiyənin ən məşhur nəşriyyatlarından olan Destek yayınları tərəfindən nəşr edilib.

Biz də yazıçı ilə elə bu məsələ ilə bağlı həmsöhbət olduq. Rövşən Abdullaoğlu Türkiyədə kitabının uğuruna belə münasibət bildirdi: Bu ilin əvvəllərində Türkiyənin böyük nəşriyyatlarından olan Destek yayınları tərəfindən kitablarımdan birinin çap edilməsi təklifi gündəmə gəldi. Əlbəttə, bu təklifi dəyərləndirməyə bilməzdik. Hazırlıq işləri tamamlandıqdan sonra 4 ay əvvəl "Zor olsa da, hayat davam ediyor" kitabı 2000 tirajla çap olundu və qısa zamanda da ilk nəşrinin tükəndiyi xəbərini aldıq.

Türkiyə oxucusuna tanış olmayan bir yazıcı üçün bunu uğurlu göstərici hesab edirəm. Hazırda nəşriyyat kitabın təkrar nəşrinə hazırlaşır, tanış olmaq üçün digər kitabları da istəyiblər, göndərmişik. Düşünürəm, yaxın zamanlarda digər kitablarımın da Türkiyədə nəşri reallaşacaq. Hələ ki, yolun əvvəlindəyik, görüləcək çox işimiz var. Motivasiya psixologiyasından olan kitablarım, romanlarım rus, türk, ingilis dillərinə tərcümə olunub. Kitablarımın digər ölkələrdə də çapında maraqlıyam.

Bu istiqamətdə əldə edəcəyimiz uğurlar hər şeydən əvvəl Vətənimizin adı ilə bağlıdır. Türkiyədəki oxucular kitab haqqında münasibət bildirərkən, mənə müraciət edərkən "qardaş ölkə yazarı", "azərbaycanlı yazar" deyirlər. Bu da məni çox qürurlandırır. Ölkəmin təmsilçisi kimi qəbul edilmək qürur verməklə yanaşı həm də böyük məsuliyyətdir və bütün qüvvəmizi bu yolda səfərbər etməyə təşviq edir.

Salamnew.az

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9928.html