8 Oktyabr, 2019
Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib

Oktyabrın 8-də Milli Məclisin növbəti plenar iclası keçirilib

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib.

Plenar iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. O deyib ki, Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.

Sonra iclasda məsələ ilə bağlı çıxışlar olub. Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndirib, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

Müzakirələrdən sonra çıxış edən Əli Əsədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb. Qeyri-neft sektoru inkişaf edir. Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9863.html