2 Oktyabr, 2019
Hacı Şahin Həsənli: “Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!”

İlahiyyatçı Hacı Şahin Həsənli dinin praktiki tətbiqi və bu istiqamətdə edilən səhv yanaşmalarla bağlı fikirlərini bölüşüb:

"Realizm, praqmatizm kimi anlayışların dinlə uzlaşmadığını düşünənlər kökündən yanılırlar. Bu yanlış düşüncənin formalaşmasında inanclıların da rolu az deyil. Din, mücərrəd dəyərlər məcmüəsi müstəvisindən praktiki müstəviyə keçməlidir. Bununla biz dəyərləri inkar etmirik, əksinə onların mənimsənilməsinə yardım göstəririk. Düşünürəm ki, günümüzdə ən önəmli mövzulardan biridir. Dinin əsas davası reallıq hissinin itirilməsinin qarşısını almaqdan ibarətdir. Peyğəmbərimizin(s) məşhur duasında deyildiyi kimi: " Allahım, hər şeyi mənə olduğu kimi göstər".

Amma din adamı reallıq hissini itirmiş, konspiroloji nəzəriyyələrə maraq göstərən, heç kimə lazım olmayan "dəyərlərə" yorucu şəkildə insanları dəvət edən, həmişə hər şeydən narazı olan, deyingən bir varlıq stereotipinə çevrilib. Olduqca təhlükəli bir tendensiyadır.

Tarixin gedişatı göstərir ki, din böyükləri ən böyük praqmatiklər olublar. Günümüzdə də din öz praktiki önəmini göstərməlidir. İnsanlar nəsihətdən, dindarların əxlaq polisi funksiyasını yerinə yetirməsindən yorulub.Bir daha vurğulayıram əxlaqın da, mənəviyyatın da cəzbedici olmasının yeganə yolu, bunların praktiki əhəmiyyətinin çatdırılmasındadır.

Hər şey İnkar etməklə kifayətlənməyib, örnək təqdim etmək zamanıdır. Dinin cazibəsi təkcə nəzəriyyəsinin gücündə deyil, uğurlu, pozitiv, hadisələri düzgün qiymətləndirməyi bacaran insanların sayının inanclılar arasında artmasındadır. Din, uğursuz, biçarə insanların sığındığı bir çətir deyil, insanlara güc, qüdrət, hərtərəfli uğur gətirən bir enerji mənbəyidir.

Heç kimə imkan verilməməlidir ki, din vasitısilə öz bacarıqsızlıq və mədəniyyətsizliyini kompensasiya etsin. İnsanın imanının meyarı onun nizam intizamı, dürüstlüyü, intellekti, mədəniyyəti və real uğur göstəriciləridir.

Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!"

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9855.html