16 Sentyabr, 2019
Bu gün Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək

Bu gün Ankaradakı Çankaya sarayında Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti keçiriləcək.

Ahlibeyt.az-ın məlumatına görə, Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Astana formatında keçiriləcək Zirvə görüşündə Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan əsasən Suriyanın İdlib bölgəsində yaranmış vəziyyəti müzakirə edəcəklər.

Diplomatik mənbələrin məlumatına görə, üçtərəfli Sammitdə suriyalı qaçqınların öz evlərinə qayıtmaları üçün şəraitin yaradılması, davamlı sülhün təmin edilməsi və problemin siyasi həlli məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Bundan başqa, liderlərin təkbətək görüşlərində ikitərəfli əlaqələr, regional və beynəlxalq formatda əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Xatırladaq ki, Suriya problemi üzrə Astana formatı 2017-ci ilin yanvarında Rusiya, İran və Türkiyə liderlərinin təşəbbüsü ilə yaranıb. Həmin vaxt Qazaxıstanın paytaxtında danışıqların 13 raundu keçirilib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9794.html