5 Avqust, 2022
Məhərrəm ayının 7-ci günü Kərbəlada baş vermiş hadisələr
Hicri-qəməri təqvimi ilə bu gün məhərrəm ayının 7-nə təsadüf edir.

Tarixi faktlara görə artıq bu gündən Yezid ibni Müaviyənin İraq Ordusu Fəratın və onun kiçik qollarının suyunun İmam Hüseynin karvanı üçün əlçatmaz olması üçün bölgəyə hərbi qüvvə yerləşdirmişdi.

Bu gün Ubeydullah ibni Ziyadın ordu başçısı Ömər Səd İmam Hüseynlə görüşmək və danışıqlar aparmaq istəyir. Lakin Ubeydullah Ömər Sədi təhdid edərək, onu bu işdən çəkindirir.

Məhərrəm ayının 7-ci günü Abdullah ibn Ziyad, Ömər ibn Sədə məktub yazıb imam Hüseynə (ə) su verilməməsi əmrini verdi: “Hüseynlə su arasında fasilə sal ki, hətta bir damla su belə içə bilməsinlər.”

Başqa bir məktubda da belə yazdı: “Eşitmişəm ki, Hüseyn (ə) və səhabələri sudan istifadə edirlər. Bu məktubu alan kimi, mümkün qədər onların qarşısını al və suyun onların üzünə bağlanmasında ciddi ol.” (“İmamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfərian, imam Hüseynin (ə) həyatı.)

Ömər ibn Səd dərhal Ömər ibn Həccasın sərkərdəliyi ilə beş yüz nəfərdən ibarət bir qoşunu Fərat çayının kənarında yerləşdirdi və imam Hüseyn (ə) və səhabələrinin sudan istifadə etməsinə mane oldu. Bu qeyri-insani rəftar “Aşura” faciəsindən üç gün öncə baş verdi.

Bu zaman düşmən qoşunundan Abdullah ibn Həsin Əzdi adlı bir şəxs fəryad edərək dedi: “Ey Hüseyn! Bir də bu suyu göy rəngində görə bilməyəcəksən! Bir daha o suadan içə bilməyəcək və nəhayət, susuzluqdan can verəcəksən!”
İmam Hüseyn (ə) buyurdu: “İlahi! Onu susuzluqdan öldür və heç vaxt Öz rəhmətini ona şamil etmə!”

Həmid ibn Müslüm deyir: “Aşura faciəsindən sonra, bir gün Abdullah ibn Həsin Əzdinin xəstələndiyini eşidib görüşünə getdim. And olsun Allaha ki, Abdullah ibn Həsin Əzdi o qədər su içirdi ki, qarnı şişir və içdiyi suyu geri qaytarırdı. Bununla belə, susuzluğu yatmır və “Susuzluqdan ölürəm!” – deyə qışqırırdı. Yenə su içir, qarnı şişir, amma sirab olmurdu. O, belə bir vəziyyətdə ikən can verdi.”

Adətən, Məhərrəm ayının 7-ci günü axşamı və 7-ci günü Kərbəla şəhidlərinin xatirəsinə həsr olunmuş əzadarlıq məclislərində “Kərbəlanın kiçik hacətlər qapısı” həzrət Əliəsğərin rövzəsi deyilir və o həzrətin şəhadətindən bəhs edilir.





Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9749.html