4 Avqust, 2022
Məhərrəm ayının 6-cı günü Kərbəlada baş vermiş hadisələr
Hicri-qəməri təqvimi ilə bu gün məhərrəm ayının 6-na təsadüf edir.

Übeydullah Məhərrəmin altıncı günü Ömər Sə`də məktub yazaraq ona bildirdi ki, o, Ömərə süvari və piyada qoşun göndərməkdə səhlənkarlıq etməmişdir. Ömər də diqqətli olmalı və bilməlidir ki, onun gecə-gündüz gördüyü bütün işləri Übeydullaha çatdırırlar və o, hər nədən agahdır.

Düşmən Qoşunun Vəziyyəti

Kufə camaatından bəzisi, İmam Hüseynlə (ə) döyüşməyi Allah və Onun Rəsulu (s) ilə müharibə sandıqları üçün yolun yarısında qoşundan ayrılıb qaçdılar. Yazırlar ki; Kufədən min nəfər döyüşçü ilə yola düşmüş sərkərdənin Kərbəlaya çatanda ətrafında dörd yüz yaxud ondan da az insan qalmışdı, qalanlar isə bu müharibəyə inanmadıqları üçün qaçmışdılar.

İmam Hüseynin(ə) Kərbəladan Məhəmməd Hənəfiyyəyə Yazdığı Məktub

İmam Baqirin (ə) buyurduğuna əsasən, İmam Hüseyn (ə) Kərbəladan Məhəmməd ibn Hənəfiyyəyə bu məzmunda məktub yazdı: “Hüseyn ibn Əlidən (ə) Məhəmməd ibn Hənəfiyyəyə və Bəni Haşimdən olanlara. Elə bil ki, dünya əsla olmamış və axirət həmişəlik olub və var, vəssalam”.

Bəni Əsəd Qəbiləsi İmam Hüseynə(ə) Kömək Etmək İstədi Amma...

Məhərrəm ayının altıncı günündə Həbib ibn Məzahir İmam Hüseynə (ə) dedi: “Ey Allah Rəsulunun övladı! Bu yaxınlıqda Bəni Əsəddən olan bir tayfa sakindir ki, icazə versəniz mən onların yanına gedib onları sizə qoşulmağa dəvət edərəm. Ola bilsin Bəni Əsədin Kərbəlada olması ilə, Allah bu dəstənin [Yezidin qoşununun] şərrini sizdən uzaq etsin!”

İmam Hüseyn (ə) icazə verəndən sonra Həbib ibn Məzahir gecə ikən onların yanına gedib belə dedi: “Özümlə sizin üçün ən yaxşı ərməğan gətirmişəm. Sizi Allah Rəsulunun (s) övladının köməyinə çağırıram, onun elə köməkçiləri vardır ki, onlardan hər biri min döyüşçüdən yaxşıdır və heç vaxt onu tək qoymayıb, düşmənə təslim etməyəcəklər. Ömər Sə`d həddindən artıq çox sayda əsgərlə Onu mühasirəyə alıb, siz mənə qohum qəbilə olduğunuz üçün sizi bu xeyirli yola yönəldirəm. Bu gün mənə qulaq asın və onun köməyinə tələsin ki, dünya və axirət izzəti sizə nəsib olsun ...”

Həbib ibn Məzahir Bəni Əsəd tayfasına nəsihət etdi. Bu vaxt Bəni Əsəddən olan Abdullah ibn Bəşir adında bir kişi ayağa qalxıb dedi:

“Mən bu dəvəti qəbul edən ilk şəxsəm”. Sonra bu məzmunda bir rəcəz oxudu: “Şübhəsiz bu dəstə agahdır ki, müharibəyə hazır olduqları zaman və süvarilər işin şiddətindən qorxduğu zaman, mən sanki meşədə olan şir kimi şücaətli döyüşçüyəm”.

Bundan sonra doxsan nəfər qəbilənin kişilərindən ayağa qalxıb İmam Hüseynə (ə) kömək üçün hərəkət etdi. Bu an bir kişi Ömər Sə`din yanına gedib onu işin gedişatından xəbərdar etdi. O da Əzrəq adında birini dörd yüz nəfərlə onlara tərəf göndərdi. Süvarilər gecənin qaranlığında Fərat çayının kənarında yolu onların üzünə bağladı halbuki onlar İmam Hüseynə (ə) çatmağa çox az qalmışdılar.

Həbib ibn Məzahir Əzrəqin başına qışqıraraq dedi: “Vay olsun sənə! Qoy bu zülməti səndən başqası öz öhdəsinə götürsün”.

Nəhayət Bəni Əsəd qəbiləsi gördü ki, süvarilərə gücü çatmayacaq, qaçıb parakəndə oldular. Ömər Sə'din zülmü və qətliamından qorxuya düşmüş Bəni Əsəd qəbiləsi gecənin qaranlığından istifadə edib otraqlarını tərk etdilər.

Həbib ibn Məzahir İmam Hüseynin (ə) yanına gəlib hadisəni danışdı. Həzrət, “La həvlə və la quvvətə illa billah əl-əliyyul-əzim” zikrini dilə gətirdi.





Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9740.html