
İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.
Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib.
Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.
Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.
Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır :
İbadətgallar:
Mağara məbədi (IV əsr) – Gavur dərəsi
Mağara məbədi (XIV əsr) – Əlquluuşağı kəndi
Məbəd (XV-XVI əsrlər) – Məmər kəndi
Məscidin qalıqları (XV-XVI əsrlər) – Xələc kəndi
Məscid (XVIII əsr) – Yusifbəyli kəndi
Məscid (XVIII əsr) – Mollalı kəndi
Məscid (XVIII əsr) – Mirlər kəndi
Məscid (XVIII əsr) – Məmər kəndi
Məscid (XIX əsr) – Dondarlı kəndi
Məscid (XIX əsr) – Dəmirçilər kəndi
Məscid (XIX əsr) – Mahrızlı kəndi
Mağara ibadətgah – Əlquluuşağı kəndi
Alban kilsələri və abidələri – Yuxarı Cibikli kəndi
Ziyarətgahlar:
Türbə (XIV əsr) – Dəmirçilər kəndi
Türbə (XIV əsr) – Dəmirçilər kəndi
Cavanşir türbəsi (XIV əsr) – Yazı düzü
Türbə (XVII əsr) – Dəmirçilər kəndi
Türbə (XVII əsr) – Gürcülü kəndi
Türbə (XVIII əsr) – Xocamsaxlı kəndi
Türbə (XVIII əsr) – Boynakərə kəndi
İmamzadə - Cılfır kəndi
Mir Sədi ağa ocağı – Mirlər kəndi
Ağ hasar piri – Mirlər kəndi
Mirmehdi ağa piri – Dondarlı kəndi
Armudlu piri – Armudlu kəndi
Səfərə baba piri – Saray kəndi
Qarakaha piri – rayon mərkəzindən 20 km şimalda
Ağkaha piri – rayon mərkəzindən 20 km şimalda
Ağa Kərim Yalı piri – rayon mərkəzindən 15 km aralı
Salahlı piri – Mərdanlı kəndi
İmamzadə - Novlu kəndi
Umoy Kaha piri – Qaracallı kəndi
Tarixi memarlıq abidələri:
Sığınacaq (IV əsr) – Əlquluuşağı, Balahəsənli, Zor kəndləri
Göy qala (V əsr) – Əlquluuşağı kəndi
Qalalı qalası (yeraltı keçidlə, V əsr) - Muradxanlı kəndi
Qız qalası – Əlquluuşağı kəndi
Məşədi Allahverdi bulağı (1834-cü il) – Əlquluuşağı kəndi
Laləzar körpüsü (1867-ci il) – Əlquluuşağı kəndi
Məmmədyar bulağı (XIX əsr) – Əlquluuşağı kəndi
Paşa bulağı (1885-ci il) – Əlquluuşağı kəndi
Hacı Bədəl körpüsü (XIX əsr) – Dəmirçilər kəndi
Qədim Haramı qəbiristanlığı (XIX əsr) – Əlquluuşağı kəndi
Məbəd bulağı (XIX əsr) – Mahmudlu kəndi
Körpü (XIX əsr) – Mahmudlu kəndi
Qalalı qalası – Əlquluuşağı kəndi
Oğlan-Qız abidəsi – Dəmirçilər kəndi
Qalacıq qalası – Xocamsaxlı kəndi
Qədim daş qoç və at heykəlləri – Qaracallı, Abdalanlı, Mahmudlu, Novlu kəndləri
Koroğlu qalası – Əlquluuşağı kəndi
Qara-Qaya sığınacağı – Mahmudlu kəndi
Qalaça – Əlquluuşağı kəndi
Daş sandıq – Məmər kəndi