30 Mart, 2012
Qlobal problem

Qlobal problem

Mənfəəti hər bir şeydən üstün tutan cəmiyyətdə hansı əxlaqdan  və şəxsi təkamüldən söz gedə bilər? Əgər insanların davranışı qanunlarla tənzimlənirsə, insanlar qanunları cəzadan qorxu üzündən pozmurlarsa, bu hələ əxlaq demək deyil. Qərb cəmiyyətinin mənəviyyatsızlıqda boğulduğunu dedikdə də məhz bu nəzərdə tutulur. Qərbli insan cərimə və həbs qorxusundan mövcud qanunları öz ölkəsində pozmursa, başqa ölkələrdə həmin qanunları şövqlə pozur. Korrupsiya, pedofiliya, narkotrafik, mütəşəkkil cinayətkarlıq, pornoqrafiya və s. insan haqlarının pozulması – məhz Qərbdən gələn bir mənəviyyatsızlıqdır. Qərb humanist ideyalarının yayılması, təbliğ edilməsi nəticədə qərb insanını məcbur edir ki, özünü heyvana, cəmiyyətini isə ya sürüyə ya cəngərliyə bərabər tutsun. O, heyvani meyillərini daxili mübarizə və düşüncə ilə deyil, əhilləşdirilən heyvan kimi cərimə və həbs qorxusu sayəsində boğur. Bu gün demokratiyanın təqdim etdiyi və bizim heyran olduğumuz qayda-qanun, nizam-intizam, insanpərvərlik sünidir: bəzən vərdiş halına düşmüş, mexanikiləşmiş, bəzən isə cəzadan qorxu əsasında qurulmuş davranış formasıdır. Mənəvi hərarət olmadıqda, həyat ləzzətini itirir. İnsan nə qədər zəngin olursa olsun, yenə də özünü tənhalıqda və təhlükədə hiss edir. Bu hissə güc gəlmək üçün qərbli insan mənəvi iztirablarının səsini fasiləsiz iş, alkoqol, narkotika, kor-təbii cinsi münasibətlər və ən pisi – intiharla boğmağa çalışır. Qərb həyat tərzi zahiri gözəlliyi digər xalqları özünə cəzb edir, lakin həyat tərzi arxasınca həyata yanaşmanı və qeyd olunan fəlakətləi gətirir. Problem bir o qədər mühüm olmazdı, qloballşma adlı qarşısı alınmaz bir proses işə düşməsəydi. Mənəviyyatın ikinci plana atılmasının və materializmin əsas üstünlüyü ondadır ki, insanlar iqtisadi maraqları üstün tutub mənfəət naminə bütün siyasi, mədəni, mənəvi, hüquqi baryerləri aşmağa hazır olurlar. Bütün qlobal ictimai layihələr də məhz buna hesablanıb. Qloballaşma, yənin dünyanın birləşməsi sırf siyasi və ya mədəni baxımdan mümkünsüz idi. Çünki, tarixi yaddaş, milli kimlik, milli maraqlar, vətənpərvərlik, mədəni həmrəylik və s. mövcud durumda hər növ inteqrasiyanın şanslarını sıfıra endirir. Müasir qloballaşma ideoloqları qarşısında ümumbəşəri bir dəyərlər sisteminin hazırlanması məqsədi qoymur. Özü özlüyündə ümumbəşəri vəhdət gözəl bir ideya olsa da, onun müasir zamanda gerçəkləşmə forması qlobal imperiyanın qurulmasını xatırladır.

Hazırda qloballaşma qarşısı alınmaz bir prosesdir. Bu dönülməzliyin bir səbəbi də inkişafın vəhdətə aparmasıdır. Problem bəşəriyyətin birləşməsində deyil, necə birləşməsindədir. Liberalizmin Qərb ölkələrində bir sistem kimi vüsət tapması iqtisadiyyatın dövlət nəzarətində çıxması ilə nəticələndi. Qərb ölkələrindən olan iri sərmayədarlar liberal iqtisadiyyatın simasında azad fəaliyyətləri üçün siyasi və hüquqi baza yaratdılar. Təbii resurslarla zəngin olan dövlətlərdə də avtoritar rejimlərin dəstəklənməsi də bu məqsəd üçündür. Korrupsiyaya qurşanmış diktatorlar qərb sərmayədarlarına xammalın əldə olunması və istehlak bazarının açılması üçün əlverişli şərait yaradırlar. Lakin qloballaşma iqtisadi məcradan çıxıb ideoloji, siyasi, mədəni müstəviyə yönəldi. Artıq müsəlmanların cins şalvar geyinib repə qulaq asdığı kimi, qərblilər Quran oxuyub İslamı qəbul edirlər. Ərəb də, fransız kimi söz azadlığı tələb edir, ingilis isə pakistanlı kimi banklardan faizsiz kredit almaq istəyir. Müsəlman qadın başını açdığı kimi, qərbli qadın möhkəm ailə istəyir. Eyni zamanda Afrikada tüğyan edən epidemiya bütün Avropa əhalisini təhlükəyə atır, Çində istehsal olunan keyfiyyətsiz mal Amerika istehlakçısına zərər yetirir. Bir sözlə, qloballaşma hüdudsuzlaşır.  Artıq demokratiyanın yalnız iqtisadi maraqlara söykənən bir rejim kimi deyil, həm də insanların mənəvi tələbatlarını ödəyə biləcək sistem kimi yenidən formalaşması zəruridir. Bunun üçün isə insan məfhumuna yenidən baxılmalı, insanın həqiqi ehtiyacları öyrənilib, insan fitrətinə müvafiq bir ictimai düzən düşünülməlidir. 

“Gələcək axtarışında” kitabından çıxarışlar əsasında hazırlanıb

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-966.html