22 Avqust, 2019
Pisliyi Yaxşılığa Çevirən - Kumeyl duasının şərhi

Böyük din alimi,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

Pisliyi Yaxşılığa Çevirən

Mehriban Allahın sifətlərindən biri də budur ki, tövbə edən bəndənin günahını savaba çevirər. «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: «Tövbə edib iman gətirən və yaxşı işlər görənlərin pis əməlləri yaxşı əməllərə çevrilər. Allah bağışlayan və rəhm edəndir». «Hud» surəsinin 114-cü ayəsində oxuyuruq: «Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar».

Pis işin yaxşı işə çevrilməsi barədə elmi, fəlsəfi, ürfani söhbətlər çoxdur. «Təfsire-nümunə»də bu əvəzolmanın bir neçə təfsiri bəyan olunur:

1. İnsan tövbə edib Allaha iman gətirdikdən sonra onun bütün vücudunda böyük bir təlatüm yaranır. Bu insan əvvəllər qatil olubsa, indi məzlumları müdafiə edir, əvvəllər zina edibsə indi iffətini qoruyur. Bu daxili inqilab nəticəsində günahlar savaba çevrilir.

2. Əbuzər nəql edir ki, Həzrət Peyğəmbər (s) belə buyurdu: «Qiyamət günü Allah-Taala bəzi insanlar haqqında əmr edər ki, bu bəndənin kiçik günahlarını çıxarın, böyük günahlarını isə örtün. Kiçik günahlarına etiraf edən bəndə böyük günahlarının qorxusundan qəlbi titrəyər. Bu an Allah istəsə lütf edib göstəriş verər ki, hər günahın yerinə bir savab verilsin. Bəndə ərz edər ki Pərvərdigara, mən mühüm günahlarımı görmürəm». Əbuzər nəql edir ki, Peyğəmbər (s) söhbətinin bu yerində gülümsündü və bu ayəni oxudu: «Allah onların pis əməllərini (günahlarını) yaxşı əməllərlə əvəz edər.»(«Nurus-səqəleyn» 4-cü cild, səh-33.)

3. Savaba çevriləcək pis işlər dedikdə bu pis işlərin özü yox, onların insanda qalmış təsirləri nəzərdə tutulur. Yəni insan tövbə etdiyi zaman, vaxtilə gördüyü pis işdən vücuduna düşmüş ləkə təmizlənəcəkdir.

Aşiqdə əğyara zərrə maraq yox,

Dərgahından özgə yerdə pənah yox.

Aşiqik, söyləmiş sevgi sultanı

Məşuqla görüşdür hicran dərmanı

Bilə-bilə Sən tək pənahımız var

Xəcilik qarşında, günahımız var.

Hər nə yazılmışsa kəlməsi doğru,

Bu yolda büdrəyən çəkəsi ağrı.

«La ilahə illa əntə subhanəkə və bihəmdikə»

(«Səndən başqa bir məbud yoxdur, Sən paksan və mən Sənə həmd və səna edirəm.»)

«La ilahə illa əntə» təhlil, «subhanəkə» təsbih, «bihəmdikə» təhmid kimi təbir olunur. Hər kəs dildə təhlil, yəni Allahın birliyinin iqrarını desə eləcə də dediklərinə sadiq olsa, həqiqətən müvəhhid, yəni tək Allaha imanlıdır. Belə insan Allahın amanındadır, dünya və axirət əzabı ona haramdır. Bu şəxs behiştdə peyğəmbərlər və digər ləyaqətə çatanlarla yoldaş olasıdır.

Həqiqi təhlil insan qəlbində o zaman təcəlla edir ki, insan Quran və Əhli-beyt (ə) vasitəsi ilə öz Allahını tanısın və Ona itaət etsin. Bu yolu gedən insanın bütün vücudu «Allahdan başqa hər şey batildir» deyə fəryad qoparır.

Kimsədə eşqinə varmağa güc yox,

O eşqə varanda durmağa güc yox.

Hansı könül quşu düşsə qəfəsə

Qəmli nəğmə üçün gələr həvəsə.

Dirilməz ölü qəlb min bir acıdan,

Yalnız eşq qəmindən ucalır insan.

Sevgidir gecəyə layla çalan da,

Bal kimi yuxunu gözdən alan da.

Əfsus ki, bayquş tək görmədik nuru.

Gizli xəzinələr olmasa aşkar,

Üstündə fəqirik, gözlərimiz dar.

Olsa da zərrələr haqqa harayda

Bu kar qulaqlara çətin ki, çata.

Doğrudan da varlıq aləmində insanı nemətlərə qərq edəcək, Onu çətinliklərdən qurtaracaq və nəhayət, xoşbəxtliklərə qovuşduracaq ikinci bir kəs yoxdur. Dua edən şəxs öz acizliyinə və günahlarına etiraf etdikdən sonra təbii olaraq öz çətinliklərini həll etmək üçün bunları həll etmək iqtidarında olan varlığa üz tutaraq deməlidir: «la ilahə illa əntə subhanəkə və bihəmdikə».

Behiştin dəyəri

Allahı tanıyaraq Ona təhlil deyən, əməldə bütün saxta məbudlardan üz döndərib Allahdan qeyrisinə itaət etməyən insan behiştin dəyərini hazırlamağa başlamışdır. Həzrət Peyğəmbərdən (s) nəql olunur ki, Allah-Taala buyurmuşdur: «Tövhid (Allahın birliyinə inam) Mənim qalamdır. Mənim qalama daxil olan kəs əzabımdan amandadır».(«Biharul-ənvar», 3-cü cild, səh-5.)

Həzrət Peyğəmbər (s) buyurur: «Tövhid neməti əta olunmuş şəxsin mükafatı yalnız behiştdir».(«Biharul-ənvar», 3-cü cild, səh-5.) «Allaha yəqinliyi olan halda ölən şəxs behiştə daxil olar».(«Biharul-ənvar», 3-cü cild, səh-9.)

İmam Sadiq (ə) buyurur: «La ilahə illəllah demək behiştin dəyəridir.»(«Vəsailuş-şiə», 7-ci cild, səh-210.)«Xalisliklə la ilahə illəllah deyən şəxs behiştə daxil olar. Bu işdə xalislik odur ki, bu sözlər insanı Allahın haram buyurduqlarından çəkindirsin».(«Biharul-ənvar», 90-cı cild, səh-197.)

İslam Peyğəmbəri (s) buyurmuşdur ki, «la ilahə illəllah deyən şəxs behiştə daxil olar. Bir kişi İmam Baqirin (ə) yanına gəlib, bu hədis haqqında soruşdu. İmam (ə) buyurdu: «Rəvayət doğrudur, amma şərtləri var və bu şərtlərdən biri mənəm».(«Biharul-ənvar», 3-cü cild, səh-13.)

Bəli, bütün hallarda yeganə çıxış yolu tövhid və onun şərtləridir. Allahı tanıyıb, Onun birliyini təsdiq edən, peyğəmbərliyi və imaməti qəbul edən, dinin göstərişlərinə tabe olan şəxs yeganə doğru yolu tapmışdır. Tövhid kölgəsində bütün xeyir əməllər qəbuldur və qəflətdən baş vermiş günahlar tövbədən sonra bağışlanır. Tövhiddən kənarda isə heç bir əməl qəbul olunmur və ən kiçik günah belə bağışlanmır.

Tövhid əhli ağır günaha görə qiyamət əzabına düçar olsa, belə tövhid sayəsində qurtulur.

Həzrət Peyğəmbər (s) Cəbrailə buyurdu: «Mənim üçün cəhənnəmi təsvir et». Cəbrail cəhənnəmi və onun əhlini təsvir edərkən birinci təbəqəyə çatdıqda susdu. Həzrət Peyğəmbər (s) soruşdu ki, bu təbəqənin sakinləri kimlərdir? Mələk dedi: «Bura ən asan təbəqədir və onun sakinləri sənin ümmətinin asiləridir. Onlar böyük günaha yol verib, dünyadan tövbəsiz gedənlərdir». Bu sözləri eşidən Peyğəmbər (s) üç gün ağladı. Dördüncü gün Həzrətin (s) ziyarətinə gəlmiş Zəhra (s) gördü ki, Həzrət (s) üzünü torpağa qoyub ağlayır. Soruşdu ki, nə baş verib? Həzrət Peyğəmbər (s) Cəbrailin dediklərini Zəhraya çatdırdı və buyurdu: «Vəhy mələyi mənə xəbər vedi ki, Cəhənnəmin birinci təbəqəsi mənim ümmətimin günahkarlarının yeridir və ağlamağımın səbəbi də elə budur.» Həzrət Zəhra (ə) ərz elədi: «Vəhy mələyindən soruşdunmu ki, günahkarlar Cəhənnəmə hansı surətdə gələcəklər?» Buyurdu: «Bəli, kişilərin saçlarından və qadınların hörüklərindən yapışaraq onları Cəhənnəmə sarı çəkərlər və elə ki, ora yaxınlaşarlar, Maliki (Cəhənnəmin böyüyü olan mələk) gördükdə dad-fəryad qoparar və ona belə yalvararlar: «bizə bir qədər möhlət ver ki, öz halımıza ağlayaq.» Malik möhlət verdikdə o qədər ağlayarlar ki, gözlərinin yaşı quruyar və qan ağlayarlar. Malik deyər: Nə yaxşı olardı ki, dünyada bu cür ağlayaydınız və bu günün qorxusundan gözlərinizdən axıdaydınız!

Sonra Malik onları Cəhənnəmə atar və onlar birdən fəryad edərlər ki: «La ilahə illəllah.» Bu zaman od onlardan uzaqlaşar. Malik odun üstünə qışqırar ki, «ey od, onları bürü!» Od deyər: «Dillərində pak «la ilahə illəllah» kəlməsi olan halda onlrı necə bürüyə bilərəm?» Malik yenə qışqırar ki: «Onları bürü!» Lakin Haqq tərəfindən xitab olunar ki, «üzlərini yandırma, çünki Allaha səcdə etmişlər, və qəlblərini yandırma, çünki mübarək Ramazan ayında susuzluq çəkmişlər.» Beləliklə, Allah istəyənə kimi onlar orada qalarlar.

Bir neçə müddətdən sonra Cəbrailə nida olunar: «Ümmətin günahkarlarının halı necədir?» Malik Cəhənnəmin örtüyünü çəkər və günahkarlar Cəbraili gözəl bir surətdə müşahidə edər və deyərlər: Bu gözəl üzlü şəxs kimdir görəsən? Cavab verilər: Bu, Cəbraildir – o ki, dünyada həzrət Məhəmmədə (s) vəhy gətirirdi. Elə ki, Cəhənnəm əsirləri Peyğəmbərin mübarək adını eşidərlər, fəryad çəkib deyərlər: Bizim tərəfimizdən Məhəmmədə (s) salam yetir və söylə ki, ümmətin günahkarları Cəhənnəmdə giriftardırlar.

Vəhy mələyi bu xəbəri Peyğəmbərə (s) yetirər, bu zaman o həzrət başını səcdəyə qoyar və Allah dərgahına ərz edər ki: «Ümmətimin günahkarlarını Cəhənnəmə apardın, indi də onları mənə bağışla.» Xitab yetişər: «Onları sənə bağışladım.» Beləliklə, Peyğəmbər (s) onları Cəhənnəmdən çıxarar və onlar kömür kimi qapqara olduqlarından əvvəlcə «eynül-həyat» adlı bulağa aparılarlar. Elə ki, o bulaqdan içərlər, zahiri və batini çirkinlikləri təmizlənər və pak-pakizə olarlar, alınlarında isə belə bir ifadə yazılar:

«Mehriban Allahın oddan azad etdiyi şəxslər.» Onlar Behiştə aparıldıqları zaman, Behişt əhli onları bir-birlərinə göstərib deyərlər: «Bunlar nicat tapmış Cəhənnəm əhlidirlər.»

Belə olduqda onlar deyərlər: «Ey Rəbbimiz! Rəhm edərək bizi Behiştə gətirdin, elə isə bu əlaməti alnımızdan sil.» Onların istəkləri yerinə yetirilər və həmin əlamət alınlarından yox olar.»

Ardı var...

Əvvəli:http://ahlibeyt.az/news/a-9630.html


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9657.html