25 İyun, 2019
Ədəbiyyat İnstitutu ilə Pakistan Müsəlman Dünyası İnstitutu arasında müqavilə imzalanıb

Ədəbiyyat İnstitutu ilə Pakistan Müsəlman Dünyası İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Pakistan Müsəlman Dünyası İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu, siyasi, iqtisadi, elmi, mədəni, hərbi və digər sahələrdə sıx əməkdaşlıq edildiyini bildirib. Qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub, o cümlədən Dağlıq Qarabağ məsələsində ölkəmizin haqlı mübarizəsinə daim dəstək verib.

İki dövlət arasında ədəbiyyat sahəsində də əlaqələrin inkişaf etməkdə olduğunu deyən İ.Həbibbəyli rəhbərlik etdiyi müəssisədə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin fəaliyyət göstərdiyini, Pakistan ədəbiyyatının tarixi və bugünü, müxtəlif  inkişaf istiqamətləri və problemləri, eləcə də ayrı-ayrı şair, yazıçı, dramaturqların yaradıcılığı ilə bağlı araşdırmalar aparıldığını söyləyib.

Müsəlman Dünyası İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli isə öz növbəsində Ədəbiyyat İnstitutunda Pakistanın görkəmli şairi Məhəmməd İqballa bağlı aparılan tədqiqat işlərini yüksək qiymətləndirib, qonaqpərvərliyə görə, öz minnətdarlığını bildirib.

Daha sonra iki qurum arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bundan əlavə, tərəflər bir-birlərinə qarşılıqlı hədiyyələr təqdim ediblər.

Konfransda, həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun "Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri", müəssisənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyevanın "Məhəmməd İqbalın yaradıcılığında müsəlman birliyi ideyası, ilahi eşq və milli düşüncə" və Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətlinin "Azərbaycan-Paksitan əlaqələrinə dair" mövzusunda məruzələri dinlənilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9600.html