14 Mart, 2019
Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib - Foto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş  dini icmalara şəhadətnamələr təqdim edilib.

Ahlibeyt.az-ın Dövlət komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə DQİDK rəhbərliyi, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər.

Dövlət komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət tərəfindən din sahəsinə göstərilən diqqət və qayğı hər zaman özünü büruzə verir. Onun sözlərinə görə, müxtəlif dinlərin, millətlərin nümayəndələrinin tarixboyu sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkəmizdə multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib və bu model dünyaya nümunə kimi təqdim olunmaqdadır.

Natiq onu da deyib ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 900-dən artıq dini qurum qeydiyyatdan keçib.

Milli-mənəvi dəyərlərimizin düzgün şəkildə gənclərə çatdırılmasının önəminə toxunan sədrin birinci müavini bu məqsədlə DQİDK-nın tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətində ölkədə mövcud dini konfessiyaların dəstəklənməsinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

Dini icma sədrlərinə müvafiq tövsiyələrini verən S.Salahlı icmaları dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb.

Dini icma sədrləri vətəndaşların vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə ediblər.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

1

1

1

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9399.html