9 Fevral, 2019
Azərbaycanlılar və gürcülər Tbilisidə parlament qarşısında birgə aksiya keçirib

Təşkilatçılar aksiyanın sonunda Mixail Avaqyanın büstü götürülməyənə qədər etiraz aksiyaları davam etdiriləcəklərini bildiriblər.

Ahlibeyt.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, fevralın 8-də Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak ediblər.

Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildiriblər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədi ilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.

Marneuli bələdiyyəsinin üzvü Əhməd İmanquliyev çıxışında deyib ki, Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən çoxlu azərbaycanlılar var, lakin onların adlarına heç bir küçə belə yoxdur.

Ə.İmanquliyev bildirib ki, azərbaycanlılar tarix boyu Gürcüstan dövlətçiliyinə sadiq olublar.

“Mixail Avaqyana qoyulan büst Gürcüstanda qeyri-sabitlik yaratmağa yönəlib. Həmin büst mütləq götürülməlidir”, - Ə.İmanquliyev vurğulayıb.

Çıxış edənlər separatçıya büstün qoyulmasını, abidənin açılış mərasimində deputatlar və yerli hakimiyyət orqanları nümayəndələrinin iştirak etməsini qəti şəkildə qınayıblar. Onlar Gürcüstan hökumətini büstün götürülməsinə göstəriş verməyə çağırıblar.

 


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9289.html