
Bakıda “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi İslamda qadın haqları movzusunda 3-cü tədbir keçirib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Moderator.az-a bu haqda Birlik sədri Sevinc Əzimbəyli məlumat verib.
Tədbirdə ilk olaraq “Qazi Qarabağ” azanı səsləndirilib.
Bir qrup fəal ölkə xanımının qatıldığı tədbirin açılışında işğaldan öncə Ağdam məscidindən ucaldılan “Qazi Qarabağ” azanı səsləndirilib. Müqəddəs vətən şəhidlərimiz yad edilib, onların əziz ruhlarına dualar oxunub.
“Yeni Üfüq” rəhbəri Sevinc Əzimbəyli İslamda qadının hüquq və haqları, Allah-Təalanın Qurani-Kərimdə xanımlara verdiyi önəm barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Azərbaycan müsəlman qadınlarının istər ailədə, istərsə də cəmiyyətdə önəmli yeri və fəaliyyətindən geniş söz açib.

Birlik sədri Azərbaycan dövlətçiliyinin bütövlüyü yolunda fəallıq göstərən ölkə qadınlarının xüsusi xidmətlərindən danışıb. S.Əzimbəyli torpaqlarımızın işğaldan azadlığı naminə qəhrəmanlıqla şəhadətə qovuşmuş müqəddəs şəhidlərimizin mübarək analarının hər birimizin qürür mənbəyi olduğunu vurğulayıb.
Ölkəmizdə dini və milli kimliyin formalaşmasında ziyalı xanımlarımızın ayrıca xidmətləri olduğunu qeyd edib.Maarifpərvər inanclı qadınların dövlət və din münasibətlərinin möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin təbliği və qorunmasında misilsiz rollarından bəhs edib.

Sevinc Əzimbəyli xüsusilə dövlətçilik prinsiplərinin qorunmasında, ölkədə xeyriyyəçilik ənənələrinin yaşadılmasında işıqlı düşüncə adamı olan xanımların önəmli rola malik olduğunu diqqətə çatdırıb.