10 Yanvar, 2019
Fələstin parlamentindən Mahmud Abbasla bağlı gözlənilməz qərar

Fələstin Qanunverici Şurası Fələstin Milli Hökumətinin hazırki prezidenti Mahmud Abbasın hakimiyyətdən kənarlaşdırılması ilə bağlı səsvermə keçirib.

Ahlibeyt.az-ın məlumatına görə, Maide.az "Felestin.info"a istinadla xəbər verir ki, iclas Şuranın Qəzzadakı qərargahında baş tutub.

Qanunverici Şuranın spikerinin birinci müavini Əhməd Bahar bildirib ki, Abbas hazırki vəzifəsini davam etdirməsi üçün lazım olan bütün hüquqi, konstitusional, əxlaqi və insani keyfiyyətlərini itirib: "Abbasın işğalçılara havayı yerə təqdim etdiyi siyasi güzəştlər, müqavimət hərəkatlarına qarşı apardığı müharibə, işğalçı ilə təhlükəsizlik sahəsində əməkdaşlıqları və Qəzza xalqını terrorçu kimi təqdim etməsi onu göstərir ki, o, artıq prezident kimi Fələstin xalqını təmsil etmək bacarığını itirib".

Bahar onu da qeyd edib ki, Mahmud Abbasın Rəfah keçidindəki əməkdaşlarını geri çağırmaqla bağlı addımı Qəzza zolağı ilə Fələstinin İordan çayının qərb sahili bölgələri arasında ayrılıq salmağa və ABŞ-İsrail cütlüyünün planlaşdırdığı "əsrin müqaviləsini" həyata keçirmələrinə xidmət edir.

Şura rəsmisi insan hüquqları təşkilatlarına, Ərəb Dövlətləri Liqasına, İslam Əməkdaşlıq Təşkilatına, eləcə də ərəb və müsəlman ölkələrinə müraciət edərək Abbasın Fələstində hakimiyyəti ələ keçirməsinin qarşısını almağa çağırıb.

O, həmçinin Misir rəhbərliyinə də çağırış edərək Abbasın inzibatı cəza siyasətlərinə mane olmağa və qarşısını almağa çağırıb. Əhməd Bahar Fələstinin müxtəlif siyasi fraksiyalarına, mülki təşkilatlarına da müraciət edərək təcili iclas keçirməyə və milli xilas cəbhəsi yaratmağa, Fələstin milli məsələsinin xilası üçün strateji mövqe ortaya qoymağa çağırıb.

Fələstin Qanunverici Şurasının siyasi komitəsinin sədri Saleh əl-Bərdavil çıxışında bildirib ki, Qəzzadakı işçilərin əməkhaqlarını kəsmək, yüzlərlə ailəni yoxsul hala salmaq və müqavimətçi qüvvələr barədə şayiələr yaymaq cinayətdir və qanunla cəzalandırılmalıdır.

Deputatlardan Muşir əl-Məsri isə vurğulayıb ki, Mahmud Abbas "Fəth" hərəkatını demək olar ki, məhv edib və Fələstin xalqını cəzalandırmaq üçün bu partiyadan alət kimi istifadə edir.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9179.html