10 Yanvar, 2019
Səudiyyə Ərəbistanında nikah yaşına məhdudiyyət tətbiq olunacaq

Səudiyyə Ərəbistanının məşvərət məclisi olan Məclis əl-Şura 15 yaşına çatmamış yeniyetmələrin nikaha girməsinin qadağan olunması ilə bağlı tələb irəli sürüb.

Ahlibeyt.az-ın  Azərtac-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Məclis əl-Şuranın “Twitter”dəki səhifəsində yer alıb.

“İstər qız olsun, istərsə də oğlan, 15 yaşına çatmamış şəxslərlə nikah bağlamaq qadağan olunmalıdır”, - məlumatda qeyd olunub.

Bununla yanaşı, qurum 18 yaşına çatmamış yeniyetmələrin nikah məsələlərinin ixtisaslı məhkəmələrə həvalə olunmasına razılıq verib.

Bundan öncə bir neçə Məclis əl-Şuranın qadın üzvü belə bir tələb irəli sürüb ki, 15 yaşından aşağı yeniyetmə qızların nikaha girməsi qadağan olunsun. Bildirilib ki, əgər hər hansısa qız 18 yaşından aşağı nikaha girmək istəsə, o halda qızın özünün və onun anasının razılığı olmalıdır. Xüsusi tibbi komissiya tərəfindən həmin qızın nikaha girməsi üçün fiziki və mənəvi hazır olduğu barədə təsdiqləyici rəy verilməlidir və ərə getdiyi kişi ondan yaşca iki dəfədən artıq böyük olmamalıdır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9175.html