
ABŞ-da keçirilən aralıq seçkilərdə Minnesota ştatından Nümayəndələr Palatasına üzv seçilən Somali əsilli İlhan Omar Konqresdə “Qurani-Kərim”ə əl basaraq and içib.
Ahlibeyt.az-ın Azvision.az-a istinadən verdiyi xəbərə görə, palataya seçilən ilk hicablı qadın kimi tarixə düşən İlhan Omar andiçmə mərasimi ilə bağlı sosial şəbəkədə paylaşım edərək bunları yazıb: “Uşaq yaşlarımdan partiya qurultaylarında babama tərcüməçilik edirdim. Siyasətə məndə maraq oyadan ilk şəxs də babam olub. Kaş, bu tarixi anı görmək üçün burada olaydı. Amma andiçmə mərasimində onun “Qurani-Kərim”inə əl basdığım üçün ruhu oradaydı”.
O bildirib ki, “Qurani-Kərim”i 1995-ci ildə mühacir kimi ABŞ-a köçdükləri zaman babası özü ilə gətirib.
Xatırladaq ki, Keniyada 4 il mühacir düşərgəsində yaşayan Omar 12 yaşında ABŞ-a köçüb. Ötən il Minnesota ştatından, ölkədə keçirilən aralıq seçkilərə qatılaraq Respublikaçılar partiyasından olan rəqibi Cennifer Zielinskiyə böyük fərqlə qalib gəlib.