30 Noyabr, 2018
Gəncə “İmamzadə ziyarətgah” məscidi dini icması rəsmi qeydiyyata alınıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 30 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Ahlibeyt.az-ın Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Sədrin birinci müavini vurğulayıb ki, ölkəmizdə ənənə halını almış tolerantlıq və multikultural mühit dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilib. Onun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır.

S.Salahlı qeyd edib ki, respublikamızda ölkə rəhbərliyi tərəfindən mənəvi dəyərlərin təbliğinə, dini maarifləndirmə işini təşkilinə, eyni zamanda dindarlara diqqət və qayğı göstərilməkdədir. “Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, din xadimlərinə maddi dəstəyin göstərilməsi, dini ibadət yerlərinin tikintisi və ya əsaslı təmiri bu diqqətin bariz nümunəsidir”, deyə DQİDK sədrinin birinci müavini əlavə edib.

Dini radikalizm və xurafatla mübarizə tədbirlərindən də danışan S.Salahlı bu sahədə dindarların, o cümlədən dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Daha sonra çıxış edən Gəncə şəhəri “İmamzadə ziyarətgah” məscidi dini icmasının sədri Tahir Abbasov respublikamızda vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9058.html