5 Oktyabr, 2018
Fatimeyi-Zəhraya həsr olunan tədqiqat işi nəşr olunub

Hacı Həsən Hüseyninin “Ya Zəhra (s.ə.), nəzərin ayırma bizdən” kitabı çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adəna Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitab Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilib.

Ahlibeyt.az-ın məlumatına görə, AMEA-dan Azərtac-a bildirilib ki, kitaba “Ön söz”ü Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal və filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov yazıb.

Əsərin giriş hissəsində Qurani-Kərimin bəşəriyyəti düzgün yola çağırmasından, insanlığı cəhalətdən xilas etməsindən danışılır.

İki hissədən ibarət olan əsərin birinci hissəsi 5, ikinci hissəsi 6 bölümdən ibarətdir. Birinci hissədə müəllif Həzrəti Fatimeyi-Zəhranın (s.ə.) həyat və fəaliyyətindən, onun haqqında nazil olmuş Quran ayələrindən, paklıq mücəssəməsi kimi ülviliyindən və məsumluğundan konkret nümunələr gətirir. Kitabın ikinci hissəsində Həzrəti Məhəmmədin (s.a.s.) dünyaya gəlişindən, peyğəmbərlik məqamına çatmasından, insanları İslama dəvət etməsindən, qızı Həzrəti Fatiməyə nəsihətlər verməsindən bəhs edilir.

Kitabın sonunda Məhəmməd Füzuli, Qumri Dərbəndi, Məhəmmədhüseyn Şəhriyar, Ənvər Nəzərli, Hacı Ələmdar Mahir, Şahin Fazil və digər şairlərin Fatimeyi-Zəhraya həsr olunmuş şeirlərindən nümunələr verilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8873.html