
Türkiyə Diyanət Vəqfinin dəvəti ilə bu ölkədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi avqustun 8-də Diyanət İşləri Başqanının Diyanət Vəqfi üzrə müavini İlyas Serenli ilə görüşüb.
Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, respublikamızda tarixi ənənəyə söykənən tolerantlıq mühiti formalaşıb. M. İsmayılovun sözlərinə görə, ölkəmizin multikulturalizm modeli dünyaya örnəkdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə də ətraflı məlumat verən icraçı direktor bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq mövcuddur.
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılma məqsədi və fəaliyyət istiqamətlərindən bəhs edən natiq deyib ki, Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyini həyata keçirir.
Daha sonra çıxış edən Türkiyə Diyanət İşləri Başqanının Diyanət Vəqfi üzrə müavini İlyas Serenli iki ölkə arasında olan sıx münasibətlərin təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, bir millət iki dövlət olan Türkiyə və Azərbaycanın mənəvi sahədə sıx birliyi olduqca əhəmiyyətlidir.