7 Avqust, 2018
DQİDK sədri - Radikal qruplar daim müxtəlif dona bürünüblər

Bu gün də dindən istifadə üçün qlobal güclərin müxtəlif variantlara əl atdıqları aydın şəkildə görünür - Məsələn, “Taliban”, “Əl-Qaidə”, “Boko Haram”, “İŞİD” və s. bu siyasətin təzahürüdür.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bunu “525”in müxbirinin suallarını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

- Mübariz müəllim, çıxışlarınızdan birində dini radikalizmlə mübarizənin üç istiqamət - inzibati-hüquqi, iqtisadi və dini maarifçilik istiqaməti üzrə aparıldığını bildirmisiniz. Bu istiqamətlərdə mübarizənin konkret mexanizm və hədəflərini özündə ehtiva edən hansısa dövlət proqramı varmı? Yoxdursa, belə bir sənədə ehtiyac görürsünüzmü?

- Bütün dinlər sülh və barışı təbliğ edir. Dinlərin tarixinə nəzər salsaq, müəyyən dövrlərdə radikalizm meyillərinin olduğunu görərik, lakin bu, dinlərdən deyil, dindən sui-istifadə edən qüvvələrdən qaynaqlanır. Bu gün də dindən istifadə üçün qlobal güclərin müxtəlif variantlara əl atdıqları aydın şəkildə görünür. Məsələn, “Taliban”, “Əl-Qaidə”, “Boko Haram”, “İŞİD” və s. bu siyasətin təzahürüdür. Radikal qruplar daim müxtəlif dona bürünüblər, müxtəlif pərdə altında öz məqsədlərinə uyğun fəaliyyət göstəriblər, bu gün də din pərdəsindən sui-istifadə edirlər, yəqin ki, sabah da başqa üsullardan bəhrələnəcəklər. Ona görə də biz, yəni Komitə “dini radikalizm” termini deyil, din adından istifadə edən radikal qruplar məfhumunu işlətməyi məqbul hesab edirik. Əgər radikallıq varsa, bu, həqiqi dindən uzaq olmaqdır. İslam radikalizmi, İslam terrorizmi kəlmələri də yanlışdır. Bu cür ifadələr islamofobiyanı körükləyir və insanlarda sülh, qardaşlıq dini olan İslama qarşı nifrət, qorxu hissləri oyadır.

Ölkəmizdə dini radikalizmlə mübarizəyə gəlincə, burada hansısa dövlət proqramına ehtiyac duyulmur, çünki bu sahədə yetərincə işlər görülür. Radikalizmlə mübarizə çox vacibdir və burada əsas üç istiqamət müəyyənləşdirilib. Müşahidələr göstərir ki, istənilən ölkədə dini radikalizmin kəmiyyət baxımından böyüməsi ölkədə milli və ictimai təhlükəsizlik risklərini artırır. Həmçinin, xarici qrupların radikallardan istifadə imkanlarının olması, ölkədəki fərqli məzhəb və dindarlar arasında qarşıdurma yaratmaq potensialları və silahlı mübarizəyə üstünlük vermələri ictimai təhlükəsizliyə ciddi təhdiddir. Bu baxımdan müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və inzibati tədbirlərin görülməsi radikalizmlə mübarizədə əsas məsələlərdən sayılır.

Azərbaycan bu sahədə kifayət qədər geniş qanunvericilik bazasına malikdir. Xüsusilə, 2015-ci ilin dekabr ayında “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi problemlə mübarizədə çevik və koordinativ fəaliyyət üçün geniş imkanlar açıb. Qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir.

Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, eləcə də “Dini etiqad azadlığı haqqında” qanuna müvafiq əlavələrin edilməsi dini radikalizm və ekstremizmə qarşı daha təkmil mexanizm formalaşdırıb, dövlətin bu sahədə konkret mübarizə taktikasını səciyyələndirib.

Radikalların iqtisadi dayaqlarının çökdürülməsi istiqamətində mübarizə də çox əhəmiyyətlidir. Dini radikal təmayüllərin cəmiyyətdə özünə yer tapması ideoloji faktorlarla yanaşı, maddi amillərlə də bilavasitə bağlıdır. Bu mənada qeyri-ənənəvi cərəyanların təbliğatının geniş vüsət almasında maddi stimulların rolu danılmazdır. Radikal cərəyanların fəaliyyətlərinin maliyyələşdirilməsi bir tərəfdən xaricdən müxtəlif variantlarda yardım almaqla, digər tərəfdən tərəfdarlarının sahibkarlıqla məşğul olmalarına şərait yaratmaq və əldə olunmuş gəlirin bir hissəsinin öz təbliğatlarına yönəldilməsi ilə həyata keçirilir. Belə maliyyə mənbələrinin müəyyənləşdirilərək neytrallaşdırılması məqsədilə müvafiq orqanlar lazımi tədbirləri həyata keçirir.

Dini radikalizmlə mübarizədə ən önəmli və ən effektiv vasitə isə ideoloji mübarizədir. Radikalların bazasının çökdürülməsinə hesablanan bu yol əsl islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Dövlət Komitəsi bu sahədə üzərinə düşən işləri ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlıq, eyni zamanda, KİV, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirir. İndiyədək dini maarifləndirmə və dini radikalizmlə mübarizə çərçivəsində Müdafiə, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə tədbirlər planı imzalanıb və icra edilib.

- Dini radikalizmə zəmin yaradan amillər var: savadsızlıq, yoxsulluq, yanlış dini biliklər və s. Görünən budur ki, Azərbaycanda radikalizmə əsas zəmin yaradan bu amillər deyil, xarici təsirlərdir. Əvvəlki illərlə müqayisədə xarici təsirlərin gücləndiyi müşahidə edilir. Hətta Gəncədə baş verən hadisələri buna nümunə göstərmək olar. Necə fikirləşirsiniz, xarici təsirlərin zaman keçdikcə daha da güclənəcəyini proqnozlaşdırmağa ciddi əsas var?

- Azərbaycanda dini fanatizm və radikalizmin dayağı yoxdur. Buna səbəb həm ölkəmizdə tarixən mövcud olan tolerant və multikultural dəyərlərin güclülüyü, həm cəmiyyətimizdə dünyəvi ənənələrin möhkəm dayaqlara malikliliyi, həm də dini dözümlülük və sekulyar ənənələrə söykənən Azərbaycan hökumətinin apardığı düzgün və mütərəqqi siyasətdir.
Dini radikalizmin yaranmasına səbəb olan savadsızlıq, səfalət və ədalətsizlik kimi mənfi sosial təzahürlərin qarşısının alınması üçün Azərbaycan hakimiyyəti tərəfindən uzaqgörən və mütərəqqi addımlar atılır: təhsilin, səhiyyənin, elmin inkişafı və əhalinin sosial təminatının yüksəldilməsi sahəsində çoxsaylı işlər görülür, yüz minlərlə məcburi köçkün evlə təmin olunur, yüzlərlə uşaq bağçası və məktəb tikilir, yeni səhiyyə ocaqları açılır və s. Bu gün ölkədə həyata keçirilən dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas və fərqləndirici xüsusiyyəti odur ki, dindarlara və onların dini hisslərinə hörmət, tolerant və multikultural dəyərlərin qorunması, inkişafı sözdə deyil, əməldədir. Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət-din münasibətləri bu gün ölkəmizdə konfessiyalararası münasibətlərin, tolerantlıq mühitinin, multikultural təfəkkürün dünya üçün nümunəvi modelinə çevrilib.
Ölkə rəhbəri cənab İlham Əliyev milli-mənəvi dəyərlərin dirçəldilməsinə, həmçinin, məscidlərin, ziyarətgahların, kilsələrin, sinaqoqların inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır, eyni zamanda, hər il müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır.
Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizdə dövlət-din münasibətləri tarixində yeni mərhələdir. Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas fəaliyyət istiqamətləri mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi, bu sahədə sosial layihələrin reallaşdırılması, dövlət-din münasibətləri sahəsində maarifləndirmə işinin təşkilinə yönəlib. Hazırda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ölkəmizdə mənəvi dəyərləri təbliğ etmək məqsədilə mindən artıq din xadiminə maddi dəstək göstərilir.
Azərbaycan İlahiyyat İnstitutunun yaranması isə Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı milli kadrların hazırlanmasını təmin edəcəkdir.
Bir sözlə, Azərbaycan hökumətinin əhalinin sosial rifah və inkişaf səviyyəsinin artırılması istiqamətində icra etdiyi uzaqgörən layihələr cəmiyyətimizdə fundamentalist təzahürlərin, fanatik ideologiyaların tərəfdar kütləsi toplamasına imkan vermir.
O da bir həqiqətdir ki, xalqımız milli-mənəvi dəyərlərinə, İslam ənənələrinə hər zaman hörmətlə, sədaqətlə yanaşıb. Bu gün kənardan ölkəmizə idxal olunmasına çalışılan ideologiyalar qətiyyətlə rədd olunur. Düzdür, fanatik ideyaların təsiri altına düşən vətəndaşlarımız var. Lakin ölkə səviyyəsində onların sayı olduqca azdır və cəmiyyətimiz belələrinin ardınca getməkdə deyil, onların islah olunmasında maraqlıdır.
Azərbaycanda dindən radikallıq məqsədi ilə istifadə cəhdlərinin arxasında xarici qruplar dayanır. Əlbəttə, burada həmin qrupların hansısa xarici dövlət səviyyəsində müdafiəsindən söhbət getmir. Bu qruplar xarici ölkələrdə özünə sosial baza tapmış, formalaşmış və istər həmin ölkədə, istərsə də kənar ölkələrdə radikalizmi yaymaq məqsədi daşıyan fəaliyyətlə məşğul olan qruplardır.
Həmin qruplar və şəxslər din pərdəsi altında fəaliyyətlərini quraraq ölkəmizdəki sabitliyə, dindarlarla dövlət arasındakı münasibətlərə xələl gətirmək, nəticədə gərginlik yaratmaq niyyətindədirlər. Amma bu, mümkün deyil. Əsl dindarlar onların mahiyyətini və niyyətlərini çox yaxşı başa düşürlər. Bilirlər ki, bu cür qruplar düşmən dəyirmanına su tökənlərdir. Son terror hadisələri də sübut etdi ki, əsl dindarlar dövlətinə və milli dövlətçilik prinsiplərinə sadiqdirlər.

- Azərbaycanda insanlar dini bilikləri ya valideynlərdən, ya din xadimlərindən, ya internetdən, ya da təsadüfi adamlardan alırlar. Valideynlərin və din xadimlərinin hamısı eyni dini biliklərə malik deyil. Onların arasında xürafatçı, hətta fanat dindar şəxslər də ola bilər. İnterneti və təsadüfi adamları isə bir kənara qoyuram. Deməli, cəmiyyətdə dini biliklər əldə etmək üçün sağlam və etibarlı mənbə yoxdu. Belə bir vəziyyətdə ən etibarlı və sağlam mənbə funksiyasını məktəb daşıya bilməzmi?

- Cəmiyyətin həyatında dinin böyük rolu var. O, insanların həyatının ayrılmaz parçasıdır. Belə olan halda insanlar müxtəlif mənbələrdən dini biliklər əldə etməyə çalışır. Bunun mənfi tərəfi isə yaranmış fürsətdən radikal meyilli qrupların məharətlə istifadə etməsi və bilgisiz insanları öz təsir dairələrinə salmağa səy göstərməsidir. Azərbaycanlı yeniyetmə və gənclərin ilkin dini bilikləri internet resurslarından, cəmiyyətdəki təsadüfi şəxslərdən və ya dinlə bağlı lazımi qədər məlumata malik olmayan valideynlərindən alması məqsədəuyğun hesab edilmir. Bu sadalanan “mənbələr” yetərli dini biliklərə və ortaq dini düşüncəyə malik olmadıqları üçün gənclərin dini dünyagörüşünün formalaşması işi onlara etibar edilə bilməz. Odur ki, vətəndaşlarımıza hələ yeniyetmə dövründə eyni mənbədən, fərqli izahlara yol açılmadan ilkin dini biliklər verilməlidir. Yalnız bu halda yeniyetmələrin sonradan yad təsirlərə məruz qalması ehtimalı məhdudlaşacaq, İslam və digər dinləri əxlaq və mənəviyyat nöqteyi-nəzərindən əxz etmiş gənclərimizi radikal, məzhəbçi ruhda yenidən tərbiyə etmək, demək olar ki, mümkünsüz olacaqdır. Hazırda bizim məktəblərdə tədris olunan “Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir. Əksər ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində “Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur. Dövlət Komitəsi bu sahədə mövcud reallığı nəzərə alaraq, ümumtəhsil məktəblərində dinlərlə bağlı tədris ediləcək mövzuları hazırlayaraq müvafiq qurumlara təqdim edib.

- Radikal qruplara qoşulanlar cəmiyyətin daha çox hansı təbəqəsi və hissəsidir? Bu barədə araşdırma aparılıbmı?

- Dövlət Komitəsi öz imkanları daxilində müəyyən araşdırmalar və təhlillər aparır. Əldə olunan nəticələrə əsasən deyə bilərik ki, ümumiyyətlə istənilən cəmiyyətin təhsilsiz, xürafat və mövhumata meyilli, dini bilgiləri zəif təbəqəsi daha çox radikal təsirlərə məruz qalır. Çoxsaylı sosioloji tədqiqatlar göstərir ki, radikal və ekstremist meyillər, dini-etnik münaqişələr, terror aktları xurafatın, mövhumatın geniş yayıldığı, savadsızlığın və sosial bərabərsizliyin hökm sürdüyü regionlarda daha çox intişar tapır. Çünki savadsız insanlara dardüşüncəlilik xasdır, hər yeni fikir, müxtəliflik, yad mədəniyyət onların qəlbində xof yaradır, onlar özgələrin dünyagörüşünə düşmən kəsilir. Biliksiz fərdin beynini yuyub “zombiləşdirmək” və məkrli niyyətlərlə ölümə göndərmək asandır. Təhsilə əhəmiyyət verilməyən cəmiyyətlər etnik-dini münaqişələrin ağuşuna yuvarlanmağa, ideoloji işbazların oyuncağına çevrilməyə, bir sözlə, geriləməyə və məğlubiyyətə məhkumdur.
Xüsusilə, gənclərin dini bilgisizliyindən istifadə edən bu cür qruplar onları öz sıralarına cəlb etmək üçün səy göstərirlər. Mənfi təsirlərdən qorunmaq məqsədilə gənclərimiz təhsilli olmalı, geniş dünyagörüşünə yiyələnməli, öz milli-mənəvi dəyərlərinə sahib çıxmalı, Vətənini sevməli və qorumalıdır.

- Dini radikalizmin yayılma arealından danışdıqda daha çox Şimal, Şimal-Qərb və Cənub bölgələrinin adı çəkilir. Bu bölgələr ölkəmizin sərhəd zonaları hesab olunur. Sərhəd bölgələrindəki dini radikalizm meyillərini əsas xarici amillərlə əlaqələndirirlər. Sizcə, bu doğrudurmu?

- Ölkəmizin Şimal, Şimal-Qərb və Cənub bölgələrini dini radikalizmin yayılma arealı kimi təqdim etmək düzgün deyil. Mən bu yanaşmanı qəbul etmirəm. Çünki bu, həqiqəti əks etdirmir. Adıçəkilən bölgələr digər bölgələrlə müqayisədə əslində, dindarlıq səviyyəsinin nisbətən yüksək olduğu yerlərdir. Burada dini ənənələrə sadiq insanlarımız yaşayır. Təbii ki, Azərbaycanı istəməyən qüvvələr müxtəlif amillərdən, o cümlədən, sərhəd bölgəsində yaşayan insanlarımızdan istifadə etməyə çalışa bilərlər. Amma buna imkan verilməyib və bundan sonra da verilməyəcək.

- Gəncləri zərərli vərdişlərdən qorumaq baxımından dinin böyük potensialı var. Amma görünən odur ki, son dövrlər valideynlər övladlarını zərərli vərdişlərdən qoruduqları kimi dindən, daha doğrusu, zərərli dindən qorumağa çalışırlar. Bu cür vəziyyətdə biz zərərli dinlə faydalı dini ayırd etməyin yolunu insanlarımıza göstərə bilərik?

- Bütün dinlər, xüsusilə də İslam insanlara sülh, əmin-amanlıq, qardaşlıq, dostluq, həmrəylik, xeyirxahlıq, sevgi kimi ülvi dəyərləri aşılayır. Əsl din budur. Zərərli olan isə, din adı altında öz çirkin məqsədlərinə çatmaq istəyənlərin niyyətləridir. Bunu ayırd etməyin ən effektiv yolu maarifləndirmədir. Düzgün qurulmuş maarifçiliklə dinin yüksək mənəvi dəyərlərini təbliğ etmək, dinin əsl mahiyyətini insanlara çatdırmaq çox vacibdir. Radikalizmi, terroru, şiddəti, ayrı-seçkiliyi dəstəkləyən bütün təbliğatlar isə zərərlidir.

- Sizcə, dini radikalizmlə mübarizədə vətəndaş cəmiyyətlərinin rolu nə dərəcədə əhəmiyyətlidir?

- Əsasən dini, dini-etnik və dini-siyasi formalarda təzahür edən radikalizm cəmiyyəti parçalayaraq öz məkrli niyyətlərini həyata keçirməyə, xalqın milli-mənəvi dəyərlərinə, yaşam tərzinə yad dəyərləri təbliğ etməyə xidmət edir. Bu gün müsəlman ölkələrində İslam dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanlar asanlıqla radikal qrupların təsiri altına düşürlər. Bu kimi halların qarşısının alınmasında dövlətlə yanaşı, təsiredici gücə malik qüvvə vardır ki, bu da vətəndaş cəmiyyətidir. İlk öncə vətəndaş cəmiyyəti anlayışına nəzər salsaq görərik ki, bu struktur qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailə dəyərləri, milli və s. münasibətlərin məcmusu olaraq, cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyidir. Onun başlıca rolu cəmiyyəti dövlətin və vətənin maraqları naminə səfərbər etmək, gənclərdə, dindarlarda, bütün əhalidə əsl vətəndaşlıq mövqeyi formalaşdırmaq, vətənpərvərlik, birlik və həmrəylik ruhunu təbliğ etməkdir.
Vətəndaş cəmiyyətini təşkil edən elementlər - ailə, məktəb, təhsil sistemi, məscid (kilsə, sinaqoq, və s.), sahibkarlıq, sosial qruplar, demokratik institutlar, ictimai birliklər, siyasi partiyalar və hərəkatlar, KİV və s. nə qədər yüksək səviyyədə və qarşılıqlı fəaliyyət göstərərsə, cəmiyyət radikalizm, ekstremizm, terror və s. kimi mənfi tendesiyalardan sığortalanmış olar. Çünki vətəndaş cəmiyyəti bütün ideoloji təsirlərə qarşı insanları vətəndaşlıq mövqeyindən tərbiyələndirməyə xidmət edir.

- Necə fikirləşirsiniz, Azərbaycan dini radikalizmlə mübarizədə daha çox hansı ölkələrlə əməkdaşlıq etməlidir? Tarixi-dini ənənələri olan müsəlman ölkələri, yoxsa MDB-yə daxil olan dövlətlərlə?

- Biz dini radikalizmlə mübarizədə bütün beynəlxalq təşkilatlarla, o cümlədən, xarici ölkələrlə əməkdaşlığa hazırıq və belə əməkdaşlıq nümunələrimiz var. Bundan sonra da istər tarixi-dini ənənələri olan ölkələrlə, istərsə də MDB dövlətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8754.html