10 İyul, 2018
Qum şəhərinin İslam tarixində yeri

Gəncə İcra Hakimiyyəti başçısına qəsd ölkə gündəminin baş mövzusu olmaqda davam edir. Başçıya güllə atan Yunis Səfərovla bağlı yayılan rəsmi məlumatda maraqlı bir detal diqqəti cəlb edirdi.

Məlumatda qeyd olunur ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.

Məlumatda adıçəkilən şəhər həm də İranın, hətta müsəlman aləminin ən böyük dini mərkəzlərindən biridir. Qum adı həm də bugünkü İran dövləti, daha dəqiqi, İslam Respublikası quruluşu ilə sinonim kimi səslənir. Bəzi media mərkəzlərində isə həm də dünyaya islam inqilabı ideologiyası ixrac edən qaranlıq mərkəz kimi təqdim olunur. Bəs əslində Qum necə bir şəhərdir? İslam tarixində və dində bu şəhərin yeri necədir?

Qum şəhəri İranın mərkəzində, paytaxt Tehrandan 130-150 km cənubda yerləşən 1 milyondan bir qədər çox əhalisi olan şəhərdir. Eyni zamanda Qum şəhərinin yerləşdiyi bölgə vilayət, yəni ostandır. Qum şəhəri eramızdan əvvəl mövcud olub, şəhərin yaxınlığında qədim dövrə aid Qalai Doxtər (Qız qalası) təpəsində tapılan əşyalar burada eramızdan əvvəl 5-ci minilliyə aid yaşayışın olduğunu göstərir. Bəzi iddialara görə, Makedoniyalı İsgəndərin yürüşü zamanı Qum şəhəri dağıdılıb və daha sonra Sasanilər dövründə Birinci Keybuad Qum şəhərini bərpa edib.

644-cü ildə Qum şəhəri Əbu Musa Əşərinin komandanlıq etdiyi müsəlman ərəb ordusu tərəfindən ələ keçirilib. 712-ci ildə Qum şəhəri Kufə şəhərindən olan şiə ərəblər tərəfindən yenidən qurulub. Bəzi məlumatlara görə, kufəlilər burada 7 yaşayış məntəqəsi tikib və bunları daha sonra qala divarı ilə birləşdirib. Qum isə bu 7 məntəqədən birinin adı olub.

Bəzi mənbələrə görə, Qum adı 12-ci İmamın adı ilə bağlıdır. Rəvayətə görə, Qum adını bu şəhərə Həzrət Məhəmməd (s.ə.s) verib və bu da şəhərin müqəddəsliyinə işarədir. Ancaq Qum şəhərinin şiə aləmində xüsusi yeri olmasının əsas səbəbi 7-ci İmam Musa əl-Kazimin (ə) qızı, 8-ci İmam Rzanın (ə) bacısı Həzrət Fatimə Məsumənin bu şəhərdə dəfn olunmasıdır. Tarixi məlumatlara görə, 8-ci İmam Rza (ə) Xorasana getdikdən sonra ailə üzvləri onu ziyarət məqsədilə İraqdan Xorasana (İndiki Məşhəd şəhəri - K.R.) yola düşüblər. Ancaq bugünkü Qum şəhəri yaxınlığında olarkən İmamın ailə üzvləri və qohumları hücuma məruz qalır. Bir hissəsi öldürülür. Sağ qalanlar isə Qum şəhərinə gəlirlər. Burada qısa müddət qaldıqdan sonra hicri 201-ci ildə (miladi 816-cı il - K.R.) xəstələnərək dünyasını dəyişir və Qumda dəfn olunur. Yeri gəlmişkən, Fatimə Məsumə Bakıda Bibiheybətdə dəfn olunan Həzrət Həkimənin bacısıdır və İslam tarixində elmli və yüksək savada malik qadınlardan biridir. Bundan başqa, İmam Rzanın (ə) da çox hörmət bəslədiyi bacısının ehtimal ki, yolda xəstələnib vəfat etməsinə görə “Məni ziyarət etmək istəyən, öncə bacım Fatiməni ziyarət etsin”  dediyi haqda məşhur hədis var. Məhz bu səbəbdən şiə aləmində geniş yayılmış ənənəyə əsasən Məşhədə ziyarətə gedən zəvvarlar əsasən  Quma gedərək Həzrət Məsuməni (ə) ziyarət edirlər.

Həzrət Məsumənin (ə) ziyarətgah kompleksi hicri tarixi ilə II əsrin sonunda tikilib. Əvvəlcə sərdabə şəklində olan məqbərə getdikcə genişləndirilir və burada böyük məqbərə kompleksinə çevrilir. 1135-ci ildə sərdabənin üzərində günbəz düzəldilir. Hazırdakı məqbərə kompleksi 1515-ci ildə Şah İsmayıl Səfəvinin əmri ilə tikilib.

Ä°lgili resim

Həzrət Məsumənin Qumda dəfn olunmasından sonra İslam dünyasının müxtəlif bölgələrindən insanlar bu şəhərə səfər etməyə başlayır. Bu səbəbdən də ilk illərdən Qumda dini mədrəsələr yaradılmağa başlayır. Tarixi məlumatlara əsasən, 12-ci əsrdə artıq Qumda 9 mədrəsə fəaliyyət göstərib. Ancaq sonrakı əsrlərdə müharibələr və işğallar səbəbi ilə bu mədrəsələrin fəaliyyəti zəifləyib.

Lakin Səfəvi İmperiyasının qurulması ilə Qumda dini-elmi fəaliyyət yenidən canlanıb. Birinci Şah Təhmasib zamanında Qumda məşhur Feyziyyə mədrəsəsi qurulur. Bunun bir səbəbi də Nəcəf və Kərbəla kimi şiə müqəddəs şəhərlərinin Osmanlı işğalı altına düşməsi olur. Şah Abbas zamanında Qum və Məşhəd şəhərləri inkişaf etdirilir.

Qumda ikinci müqəddəs məkan Cəmkəran məscididir. Rəvayətə əsasən, yerli sakinlərdən biri Cəmkəran ərazisində qaib 12-ci İmamla qarşılaşır və İmam Mehdi (ə) həmin şəxsə bu yerin müqəddəs torpaq olduğunu, burada məscid tikilməsini tövsiyə edir. Hicri 293-cü ildə Cəmkəran məscidi inşa olunur.

Səfəvilər, daha sonra Əfşarlar və Qacarlar dövründə Qum daha da inkişaf edib və elm mərkəzinə çevrilir. O zaman şiə aləminin əsas elm mərkəzi Nəcəf olub və Qum, eləcə də digər mərkəzlər onunla rəqabət edə bilməyib. İslam aləminin əsas üləması məhz Nəcəfdə oturub. Ancaq 20-ci əsrdə Qumun daha da inkişaf etməsi tendensiyası müşahidə olunur. Baxmayaraq ki, İranın şiələrinin, eləcə də Azərbaycan şiələrinin əsas fətva mərkəzi Nəcəf idi. Məşhur “Tənbəki üsyanı” məhz Nəcəfdə yaşayan Ayətullah Şirazinin fətvası əsasında baş vermişdi. Ancaq 20-ci əsrdə milli dövlətlərin yaranması, sərhədlərin bağlanması, həmçinin başqa faktorlar İranda elm mərkəzlərinin daha da populyarlaşmasına səbəb oldu. Daha  bir mühüm detal ondan ibarət idi ki, Nəcəf dini məktəbi daha mühafizəkar, fəlsəfə, hətta təfsir kimi dini elmi sahələrə qapalı idi. İran isə hər zaman güclü fəlsəfə məktəbi olan bir ölkədir. Bu səbəbdən də Qum sürətlə böyüyürdü. 19-20-ci əsrdə şiə aləminin böyük üləmaları ömürlərinin bir hissəsini Qumda keçirirdilər. Ayətullah Məhəmməd Hüseyn Təbətəbai, Məhəmməd Əli Əraki, Məhəmməd Rza Gülpayqani, Əbülqasim Kaşani, Mürtəza Mütəhhəri, Ayətullah Ruhullah Xomeyni, Ayətullah Seyid Hüseyn Təbatəbai Burucerdi və eləcə də hazırda sağ olan alimlər yaşayıb.

Qum şəhəri  ile ilgili görsel sonucu

Qumda 500-ə yaxın böyük islam alimi və müqəddəslərinin məzarları yerləşir. Hər il milyonlarla insan bu şəhəri ziyarət edir. Eyni zamanda şiə dünyasının böyük üləmaları və təhsil mərkəzləri bu şəhərdə yerləşir. Qumda təxminən 300-ə yaxın mədrəsə yerləşir. Onların bir qismi ərəbcə, yerdə qalanları farsca təhsil verir. Bəzi məlumatlara görə, Qum Elmiyyə Hövzəsində 90 mindən çox tələbə və müəllim var. Onların 20 mini xarici ölkə vətəndaşıdır. Dini dərslər ilkin hazırlıq, dil dərsləri ilə başlayır daha sonra “səth” dərslərindən başlayır “xaric dərsləri” mərhələsinə qədər davam edir. Ən üst dərəcə Ayətullah-Üzma, yəni böyük ayətullah - müctəhiddir. İranda ümumi olaraq 7 müctəhid var. Ancaq ictihad ( dini elmlər əsasında hökmlər çıxaracaq elmi səviyyə - K.R.) dərəcəsinə yetişmiş yüzlərlə alim var. Bundan başqa, İran ordusunda xidmət edən din xadimləri də Qumda yetişir.

İran inqilabının lideri Ayətullah Ruhullah Xomeyni Qumda yaşayıb və siyasi mübarizəsini burada aparıb. İlk siyasi islamçı ardıcılları da burada yetişib. Daha sonra İraqa sürgün olunsa da, Qum siyasi islam, islam inqilabı ideologiyasının əsas mərkəzlərindən biri idi.

Ayətullah Ruhullah Xomeyni ile ilgili görsel sonucu

Ancaq inqilabdan sonra din xadimləri və dövlət bürokratiyası arasında anlaşmazlıqlar yarandığı üçün ali dini hakimiyyəti, yəni Vəliyyi-Fəqih, eləcə də Qumda “guşənişin” olan yaşlı ayətullahlar siyasi proseslərdən kənar dayanmağa çalışırlar. Lakin hazırkı İran Respublikası ideoloji olaraq İslam ideologiyasına əsaslandığı üçün dövlətin əsas sütunu məhz Qumda oturan ruhanilərdir.  Ali dini liderin yanında olan “Şurayi Negahban” (Konstitusiya Qoruyucular Şurası - K.R.) eləcə də 83 nəfərdən ibarət ruhanilər məclisi - “Şurayi Xubreqan” (Mütəxəssislər Məclisi - K.R.) ruhanilərdən ibarətdir.

Qumda dini təhsil pulsuzdur. Şiə etiqadına əsasən sağlığında Peyğəmbər və İmama (ə) çatmalı olan “xüms” vergisi Qeyb zamanı müctəhidlərə ödənir və bu şəri vergilərin bir qismi dini təhsilə, yəni mədrəsələrin saxlanılmasına sərf olunur. Bu səbəbdən də dünyanın hansı ölkəsindən olmasından asılı olmayaraq Qumda, eləcə də digər dini təhsil mərkzələrində təhsil alanların xərcləri dini vergilərdən təmin edilir.

İraqda Səddamın dövrü, daha sonra işğal nəticəsində Nəcəf əvvəlki gücünü itirib və Qum daha çox parlayıb. Hazırda İslam dünyasında ən böyük elmi mərkəzlərdən birinə çevrilib.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8658.html