20 İyun, 2018
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.

Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsində praktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını izləyib.

Təlim məşqlərin sonunda Zakir Həsənov poliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

Nazir Ali Baş Komandan İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.

Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan islahatlar, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə media nümayəndələrinin suallarını cavablandırarkən bildirib ki, Naxçıvanda çox uğurlu əməliyyat keçirilib.

O qeyd edib ki, neytral torpaq anlayışı yoxdur: "Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8600.html