27 Aprel, 2018
“Ərəb-əcəm” qovğasına Bakıda su səpmək

Müsəlman ölkələri nazirlərinin Bakı konfransında deyilənlər və deyilməyənlər

Aprelin 18-19-da Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilib. İki gün davam edən sessiyada bir sıra qərarlar qəbul olunub və necə deyərlər, tarixi hadisə hesab olunacaq işlər baş verib.

Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İƏT, İƏT Gənclər Forumu və İƏT İdman Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə təşkilatçıların rəsmi dəvət göndərməməsi səbəbindən Konfransın qapalı iclaslarını yalnız rəsmi xəbərlərdən izləyə bildik. Lakin tədbirin kuluarlarında görüşdüyümüz əcnəbi qonaqlardan Konfransın pərdə arxasında baş verənlər barədə aldığımız bilgilərin İslam dünyasının bugünkü durumu, bu vəziyyətdə Azərbaycan diplomatiyasının qarşılaşdığı çağırış və fürsətlər barədə ilginc mənzərə tablosunu ortaya qoydu.

Konfransın uğurları

Bakı sessiyası ilə İƏT Gənclər və İdman Nazirləri konfransının növbəti 2 il üçün sədrliyi Türkiyədən Azərbaycana keçdi. Eyni zamanda Bakı Konfransının əsas uğuru uzun müddətdir üzərində çalışılan və İslam ölkələri birliyinin tarixində bir ilk olan İƏT Gənclik Strategiyasının qəbulu oldu. Xatırladaq ki, Strategiya hələ 2016-cı ildə İƏT Gənclər və İdman nazirlərinin İstanbul Konfransında müzakirə olunmuş, lakin ərəb ölkələrinin müxalifəti nəticəsində qəbul edilməsi mümkün olmamışdı. Bu sənədin İslam ölkələri üçün çox mühüm önəmi var. Çünki, əvvəla, İslam dünyasının yarım milyarddan artıq sayı olan və hər gün artan gənclərin gələcəyini planlaşdıran ümumi strategiya bu günə qədər yox idi, ikincisi, belə bir strategiya istiqamətində müsəlman ölkələrinin öz içində hələ indiyəcən konkret addım da atılmayıb.

İƏT GF sədri Elşad İskəndərovun açılışda çıxışında buna işarə edib. Sitat: “Strategiya – gələcəyə baxışın olmasıdır. Müsəlman ölkələrində belə baxışın olmamasına sübut isə dünyanın inkişaf etmiş ölkələrində bu sür strategiyaların qəbul olmasına rəğmən, müsəlman dünyasında olmamasıdır. Strategiyanın Bakıda yalnız 5-ci oxunuşda qəbul edilməsi onun razılaşdırılması istiqamətində nə dərəcədə böyük iş aparıldığını əks etdirir. Sözsüz ki, bu, İƏT GF-nin fəaliyyətində böyük nailiyyətdir”.

Azərbaycan prezidenti isə həm konfrans iştirakçılarına ünvanladığı müraciətdə, həm də nazirlərlə görüşü zamanı İƏT Gənclər Forumunun fəaliyyətini uğurlu adlandırıb. Strategiya üzrə razılığın əldə edilməsində Forumun səyləri ilə bərabər Azərbaycanın konfransa ev sahibliyi edən ölkə kimi səyləri də vacib amil olub. Konfrans tərəfindən qəbul edilən ilk sənədlərdən birinin iştirakçıların Prezidentə ünvanladıqları təbrik olması da bunu təsdiq edir. Bu sənədin protokol əhəmiyyəti ilə yanaşı, 56 ölkənin nazirlərinin Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsindəki rolunu etiraf etməsi də vacib amildir. Düşünmək olar ki, strategiya kimi vacib sənədin razılaşdırılması istiqamətində kompromisin əldə edilməsində Bakının vasitəçi missiyası rol oynayıb.

İslam həmrəyliyinə yeni çağırış və təhdidlər

Digər tərəfdən Bakı konfransı da BMT-dən sonra ikinci böyük təşkilat hesab olunan İƏT-də də  ciddi dezinteqrasiya proseslərinin cərəyan etdiyini üzə çıxarıb. Ərəb beşliyi (Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, BƏƏ və onlara meyl edən Küveyt) və hökuməti ər-Riyadda məskunlaşan Yəmən bir tərəfdən, Türkiyə, İran və Qətərdən ibarət olan digər tərəf arasında ziddiyyətlər Bakı konfransında da pik nöqtəsinə çatıb. Bunun bariz nümunəsi isə “Gənclər Siyasəti və onun həyata keçirilməsinə dair tədbirlər Planı” kimi ümumi məsələyə də ərəb “beşliyi”nin məhz İran-Türkiyə-Qətər “üçlüyü” ilə xarici siyasi mübarizə mövqeyindən yanaşması idi.

Aydındır ki, gənclər siyasəti, xüsusən də bu məsələlərin İƏT-də kimin nəzarətində olması məsələləri ərəbləri çox narahat edir. Buna əyani sübut isə rəsmi iclasların hər fasiləsində “beşliyin” öz ətrafında digər ərəb ölkələrini toplayaraq ümumi mövqeyin ortaya qoyulması üçün “məsləhətləşmələr” keçirməsidir. Ardından iştirakçılar öz tezislərini Konfransın sənədlərinə daxil etmək məqsədi ilə yüksək rütbəli nümayəndələrin qapalı məsləhətləşmələrinə toplanırdılar. Bütün bu prosesə Azərbaycana böyük nümayəndə heyətini göndərən Səudiyyə Ərəbistanının dirijorluq etdiyini anlamaq çətin deyildi. Qeyd edilən ölkələrin Bakıda akkreditə olan diplomatları da çox fəal idilər.

Mümkün dairəsində əldə edilən məlumatlara əsasən, bu mövqe əsasən, bir tərəfdən Türkiyənin (Forumun mənzil-qərargahının yerləşdiyi ölkə kimi – K.R.) müsəlman dünyasında gənclər siyasətinə təsir etmək imkanlarını azaltmağa, digər tərəfdən isə İranın ümumi gənclər layihələrində iştirakını məhdudlaşdırmağa yönəlib. Nəhayət, İƏT-in növbəti 2 il üçün gənclər siyasətini müəyyənləşdirəcək bütün sənədlərə Səudiyyə Ərəbistanının bütün düzəlişlərinin əsas qayəsini bu ölkənin Qətəri təcrid edilmə siyasətinin davam edilməsi təşkil edirdi.

Bakı toplantısında nəyə nail olundu?

Bakı toplantısında İƏT Gənclər Strategiyasının qəbul edilməsi ilə yanaşı həmçinin gənclərin inkişafı üzrə fəaliyyət Planını qəbul edib. Hər iki sənədin həyata keçirilməsi üzrə əsas orqan qismində yenidən İƏT GF təsdiq edilib. Forumun uğurla həyata keçirilən İƏT Modeli, İƏT Gənclər paytaxtı, İƏT Star-ap Platforması kimi proqramların bu gün İƏT arealında alternativi yoxdur. Bunların hamısı bütün ölkələr üçün ümumi fəaliyyət planına daxil edilib.

Beşliyə həmçinin Bakı konfransını Qətərin təcridi üçün istifadə etmək də müyəssər olmayıb. Konfransın yekunlarına görə İƏT GF və Qətərin naziri arasında “Qüds – İƏT-in Gənclər paytaxtı” Proqramını dəstəkləmək məqsədi ilə mədəniyyət layihələrinin həyata keçirilməsi haqqında Memorandum imzalanıb.

Eyni zamanda ərəblər Forumun proqramları üzərində nəzarətlərini möhkəmləndirə bildilər. Belə ki, Gənclər siyasəti üzrə daimi Nazirlər Şurası (konfranslar arasında əsas orqan) daha 4 nəfərlə, o cümlədən ərəb qrupu və Fələstinin 1 nümayəndəsi hesabına, genişləndi. Bundan savayı, növbəti 5 İƏT Gənclər və İdman nazirlərinin konfransı da Səudiyyə Ərəbistanında keçiriləcək.

Azərbaycanın artan rolu

Bu vəziyyət konfransın əsas sənədlərinin uğurla qəbul edilməsinə zəmin yaradan kompromis olub. Bir fakt da bu vəziyyəti əks etdirir. Bağlanış mərasimi 1 saat təxirə salınıb. Bu zaman kəsiyində isə redaksiya komissiyası sənədlərin mətnlərində yekun dəyişikliklər aparıb. Bu zaman danışıqların nəticə verməsi üçün konfransın sədri, nazir Azad Rəhimov və İƏT GF-nin sədri E.İskəndərov mühüm rol oynayıb.

Bakı konfransının daha bir mühüm məqamı isə İƏT nazirlərinin Azərbaycanın milli maraqlarına aid bütün tezislərin konfransın yekun qətnaməsində yekdilliklə dəstəkləmələridir. Belə ki sənəddə, Azərbaycan dövləti ilə “həmrəylik və tam dəstək nümayişi” olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası, qaçqınların geri qaytarılması, İƏT gənclər forumunun mədəniyyətlərarsı dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyasına dəstək verilməsinə üzv dövlətlərin dəvəti, işğal olunmuş ərazilərdə bütün növ gənclər və idman tədbirlərinin boykotu kimi müddəalar öz əksini tapıb.

Beləliklə, Azərbaycanın konfransa sədrlik edəcəyi dövr müsəlman ölkələri arasında mövcud fikir ayrılıqlarının heç olmasa gənclər sahəsində səngimək üçün unikal imkan yaranır. Hərçənd məsələ ilin sonunda, İƏT GF-nin növbəti rəhbərliyi barədə sualın gündəmə gəlməsi ilə aktuallaşa bilər. Konfransda qeyd olunduğu kimi, ilin sonunda Forumun hazırkı sədri E.İskəndərovun səlahiyyət müddəti sona çatır və İƏT-in ümumi gənclər siyasətinin əsas rıçaqı üzərində nəzarət uğrunda əsas oyunçular arasında mübarizə yenidən alovlana bilər. Bu zaman qədər Azərbaycan və Türkiyə (Forumun əsas dəstəkçiləri kimi – K.R.) Bakı konfransının pozitiv dinamikasının davam etdirilməsinə zəmin yaradacaq strategiyanı birlikdə tərtib etməlidir. Bunu İƏT GF-nin sədri E.İskəndərov çıxışında qeyd edib. O, İƏT-ə üzv ölkələri “gənclər sahəsində əməkdaşlığı siyasiləşdirməməyə” çağırıb.

Həqiqətən də müsəlman aləmində yayılmış terrorizm, separatçılıq, silahlı münaqişələrin və dini radikalizmin müxtəlif təzahürlərinin əsas qurbanları məhz gənclərdir. İşsizlik, təhsilin olmaması, səhiyyə, sosial müdafiə problemləri müsəlman dünyasında gənclərin əsas problemləridir. Bundan çıxış yolu, gəncləri xilas etmək lazımdır. Bunun üçünsə daha səmimi və işgüzar fəaliyyətə ehtiyac var.

Bütün bunlar Bakı üçün yeni məkan və diplomatik imkanlar yaradır: onun konstruktiv mövqeyi həm İƏT-in əsas oyunçularına, həm də qeyd olunan problemlərin həllində olmasa da, Yaxın Şərqdə gərginliyinin azalmasında maraqlı  beynəlxalq təşkilatlar üçün əhəmiyyətlidir.

Bir daha xatırladaq ki, 2020-ci ildə isə sədrlik Səudiyyə Ərəbistanına keçəcək. Bu həm də o deməkdir ki, gənclər siyasəti ilə bağlı ciddi işlər görmək üçün Azərbaycan və Türkiyənin iki ili var. Bundan sonrakı dövrdə ən azı iki ildə hansısa real fəaliyyətlər çətin olacaq. Bu isə fəal və sıx əlaqələndirməni, həmçinin İƏT-dəki bütün sağlam tərəflərlə əməkdaşlığı zəruri edir.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8338.html