27 Fevral, 2018
İnsanın kamilləşməsi səbəblərindən biri də duadır

Duanın ən böyük təsiri ondakı ibadət həqiqətidir. Bu da insanın mənəvi kamilliyinə səbəb olur.

İnsanın kamilliyi Allah qarşısında öz fəqirliyini dərk və etiraf etməsindədir: "Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükrə, tərifə layiqdir.”(Fatir ayə 15)-İnsan bu həqiqəti etiraf edib, öz ehtiyacını lazımınca başa düşənədək kamilliyə çatmayacaqdır.

İnsanın belə bir mərifətə çatması və onun mərifətinin kamilləşməsi səbəblərindən biri də duadır. Dua özü ibadətdir və ibadət insanın yeganə təkamül yoludur. Beləliklə, dua insan üçün təkamül yollarından biridir.

Allah "Mənə ibadət etməyi mənliyinə sığışdırmayanlar” ayəsində buyurur: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.” ("Mu`muin” surəsi, ayə 60.) Sonra isə belə buyurur:

"Təkəbbür göstərərək Allaha ibadətdən boyun qaçırıb, ilahi əzəmət qarşısında təzim etməyi özünə sığışdırmayan kəslər zəlil və xar olaraq cəhənnəmə daxil olacaqlar”. Ayədə zikr olunmuş iki cümlə "suğra” və "kubra” (kiçik və böyük) hökmündədir: Dua Allaha ibadətdir; hər kəs Allaha ibadətdən boyun qaçırarsa, şiddətli əzaba mübtəla olacaq. Nəticədə hər kəs duadan boyun qaçırsa, ilahi əzaba düçar olacaq.

Deyildiyi kimi, duanın əsas fayda və təsiri insanın Allah qarşısında öz möhtaclığını və bəndəliyini etiraf edərək mənəvi kamilliyə çatmasıdır. Lakin duanın digər təsirləri də vardır. Bunlardan bəzilərinə işarə edirik.

Allahı tanımaq: Duanın ümdə dəlillərindən biri Allahı tanımaqdır. Bu mərifət (tanışlıq) bütün səadətlərin kökü və bütün islahatların səbəbidir.

Bir dəstə insan imam Sadiqin (ə) hüzuruna gəlib dedi: "Niyə biz dua edirik lakin qəbul olunmur?” Həzrət (ə) buyurdu: "Çünki siz çağırdığınız kəsi tanımırsınız.”(Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 93-cü cild, 24-cü bab, səh.368, 4-cü rəvayət.) Pərəstiş etdiyimiz və Allahı çağırdığımız mübarək ilahi adlar müxtəlif mənalarla zəngindir. "Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin.”("Ə`raf” surəsi, ayə 180.)Bu adları təkrarlamağın bir çox faydaları var. O cümlədən, adların vəsfedici mənasına diqqət və Allaha qarşı insanın mərifətinin kamilləşməsi!

Allahın Rəhman, Rəhim, Səmi, Bəsir, Münim, Ğəfur və sair kimi adlarını dilimizə gətirdikdə mehriban, eşidən, görən və bağışlayan Allahımızın olması yadımıza düşür. Nəticədə Allahın rəhmətinə və bağışlamasına ümidvar oluruq. Dua edən şəxs bu sifətlər haqda düşünüb, diqqət edərək özünü qüdrəti qarşısında heç bir çətinlik olmayan Allah ilə əlaqədə görür. Ümumiyyətlə, Allah üçün asan və ya çətin məsələsi yoxdur. Bu həqiqət hər yerdən əli üzülmüş şəxs üçün yeni bir ümid və sevincdir.

Bu qısa araşdırmada ümidin həyata, sevincə, işə və çətinliklərə dözümə təsirlərini xatırlatmağa ehtiyac yoxdur. Allahın bizim danışıq və rəftarımızı eşidib və görməsi yaxşı işlər görməyimizə, pis danışıq və pis əməldən çəkinməyimizə səbəb olur. Bundan əlavə, bəzi dualar yüksək səviyyəli bir kurs, Allahşünaslıq və tövhid dərsidir. İmam Hüseynin (ə) "Ərəfə” duası, "Səbah”, "Əbu-Həmzə” və bir çox başqa dualar xüsusi ilə də "Səhifeyi-Səccadiyyə”də olan dualar deyilənlərə misal ola bilər.

İlahi əxlaq kəsb etmək: Məzhəb göstərişləri və şərafətli hədislərdə tövsiyə olunmuşdur ki, ilahi əxlaq kəsb edəsiniz: "Təxəlləqu bi əxlaqillah.”(Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 61-ci cild, 42-ci bab, səh.129.)

Dua edən şəxs öz duası vasitəsi ilə özündə ilahi sifətlər yaradıb və bu sifətləri gücləndirmək üçün çalışır. Necə ki, Allah mehriban və güzəşt edəndir. O məxluqu ilə mehriban və güzəştlə davranmaq istəyir."Rəbbin dərgahında"- Ustad Misbah Yəzdinin dua barəsindəki söhbətlərindən seçmələr.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8175.html