3 Fevral, 2018
Duanın təsiri nəticəsində hansısa bir hadisə baş verə bilərmi?...

Dua müstəqil şəkildə qəbul səbəbi ola bilərmi? Heç bir adi səbəbsiz, sırf duanın təsiri nəticəsində hansısa bir hadisə baş verə bilərmi?

Bu mövzu etiqadi və fəlsəfi məsələlərə aiddir.Quran bu suala müsbət cavab verir. Quranda zahiri vasitələrdən istifadə etməməklə duanın hansısa bir işin səbəbi olmasını göstərən nümunələr verilmişdir. O cümlədən, həzrət Zəkəriyyanın duası səbəb oldu ki, Allah qoca vaxtında ona övlad (Yəhya (ə)) əta etdi. Heç bir adi vasitə olmadan, yalnız duanın təsiri nəticəsində baş vermiş işlər haqda başqa nümunələr də tapmaq olar. Beləliklə, bu məsələ Quran baxımından inkar olunmamışdır.

Məgər bu məsələ ilahi qanunlarda istisnaya və səbəbiyyət qanununun pozulmasına səbəb olmurmu? Allah belə qərarlaşdırmışdır ki, işlər təbii səbəblər nəticəsində baş versin:

"Allah istəmir ki, əşya qeyri-təbii yolla vücuda gəlsin.”(Məhəmməd Baqir Məclisi,Biharul ənvar- 2-ci cild, 14-cü bab, səh.90, 14 və 15-ci rəvayət.)

Bu məsələ möcüzə və kəramət kimidir. Necə ki, möcüzə barəsində belə deyilmişdir: "Təbii və adi qanunlara hakim olan bir qanun var”. Duanın qəbul olması da İlahi bir qanun olaraq bütün qanunlara hakimdir. Beləliklə, "Fatir” surəsinin 43-cü ayəsini "Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan.” - möcüzənin inkarı üçün dəlil saymaq düzgün deyildir.

Qeyd olunmuş dəlillərə əsasən duanın təsirini inkar etmək üçün yuxarıdakı ayə və hədisi sübut gətirmək olmaz. Beləliklə, qeyri-adi işləri inkar etmək Quran ilə uyğun gəlmir.

Bu məsələ möcüzə və kəramətin ilahi etiqad və dini üsullardan biri olması ilə izah edilir. Maddiyyatçı məktəblərdə belə bir etiqad yoxdur. Bu ilahi məktəblərə, xüsusi ilə də İslama tutulan nöqsanlardan biridir. Bu etiqadda olanları isə səbəbiyyət prinsipini parçalamaqda ittiham edirlər.

Onlar deyirlər: "Bu məsələni qəbul etmək səbəbiyyət prinsipinə ziddir. Əgər səbəbiyyət prinsipi qəbul olunarsa, gərək bütün şeylər təbii yolla və öz xüsusi şəraiti ilə yaransın. Başqa yolla hansısa bir hadisənin baş verməsi mahaldır. Necə qəbul etmək olar ki, təbii səbəblər olmadan hansısa bir hadisə baş versin? Beləliklə, bu etiqad səbəbiyyət prinsipini inkar edir”.("Rəbbin dərgahında"- Ustad Misbah Yəzdinin dua barəsindəki söhbətlərindən seçmələr.)

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8042.html