7 Dekabr, 2017
Yeni dini bölücülük təhlükəsi

Və ya yeni radikal şiə düşüncəsi ölkədə necə və hansı arqumentlə yayılır?

Azərbaycan dini mühitində zərərli tendensiya müşahidə olunmağa başlayıb. Doğrudur, hələlik mövzu yalnız sosial şəbəkələrdə (amma qızğın şəkildə - K.R.) müzakirə olunur, necə deyərlər, virtualdan reala keçməyib. Ancaq prosesin özü çox təhlükəlidir və daha təhlükəlisi odur ki, bu zərərli tendensiyaya hansısa görünməz əllər dəstək verir. Bu barədə bir qədər sonra...

Məsələ ondadır ki, Yaxın Şərqdə son 6 ildə dini-məzhəbi nifrətə köklənmiş terror müharibəsi bitməyə doğru getdiyi, qatı, inkarçı düşüncənin zərərliliyi fikrini hər kəsin qəbul etməyə başladığı bir zamanda Azərbaycanda ənənəvi şiə məzhəbi ardıcılları arasında təkfir düşüncəsi yayılmağa başlayıb.

Məlumdur ki, İslam dini ardıcılları arasında təkfirçi düşüncənin yaşı çox qədimə gedir. Öz inancını (daha çox eyni dində olanlara aiddir, nəinki başqa dinlərə qarşı - K.R.) daha doğru və haqq bilən, fərqli düşünənləri “dindən çıxmış”, “yolunu azmış”, “küfrə düşmüş” kimi görən və buna görə də onları öldürməyə icazə verəcək qədər irəliyə gedən bu düşüncə əsrlər boyu yüz minlərlə günahsız insanın həyatına son qoyub, müsəlman aləmini inkişafdan saxlayıb. Son 6 ildə Yaxın Şərqdə bunun acı nəticələrini gördük.

Məlumdur ki, şiə cərəyanı daxilində ənənəvi, digər məzhəblərə loyal qruplarla yanaşı, daha sərt, hətta başqa məzhəbləri qəbul etməyən, eləcə də İslamın ilk illərində baş vermiş hadisədən çıxış edərək bəzi səhabələri lənətləyən, bunu az qalan inancın bir hissəsi olaraq təqdim edən, başyarma da daxil olmaqla, bir çox bu gün qatı hesab olunacaq hərəkətləri leqallaşdıran marginal qruplar olub və bu gün də var. Ancaq bu qruplar xüsusən də Azərbaycan kimi ölkələrdə azlıqda olduqları üçün səsləri o qədər də eşidilməyib. Xüsusən də son illərdə Yaxın Şərqdə baş verənlərdən sonra müsəlman ümməti daxilində sünni və şiələr arasında təkfirçi, qarşı görüşlərə hörmətlə yanaşma çağırışlar dəstək qazandığı üçün bu cür düşüncənin davamçıları nəzərə çarpmırdı.

Ancaq bu düşüncə hər zaman vardı və davam edir. Artıq uzun illərdir ki, küveytli din xadimi, səhabə haqqında təhqiramiz fikirlər işlədən Yasir əl-Həbib Londondan yayınlanan “Fadak” TV kanalı vasitəsilə, o cümlədən ABŞ-ın Kaliforniya ştatında yaşayan Məhəmməd Hidayəti “Salam” telekanalı vasitəsilə cəfərilik məzhəbi daxilində sərt fikirləri yayır.

İndi isə bu fikirlər Azərbaycanda tirajlanır. Sosial şəbəkələrdə mülayim, barışcıl, digər məzhəblərlə anlaşmaya meyilli qruplarla qatı məzhəbçilər arasında sözlü “duellər” baş verir. Ancaq qəribədir ki, Azərbaycanda bu qarşıdurma İran tərəfdarlığı ittihamlarının kölgəsində gedir. Məsələ ondadır ki, hazırkı İran İslam hakimiyyəti, o cümlədən İraq şiələrinin lideri Ayətullah Sistani müsəlman vəhdəti, digər məzhəblərə, onların müqəddəslərinə qarşı hörmətlə yanaşma tövsiyə edir, məzhəb ikitirəliyi salınmasına qarşı fətvalar veriblər. Lakin həm İranda, həm də İraqda və eləcə də digər ölkələrdə olan ifratçı şiə icmaları və onların dini liderləri bu səbəbə görə adıçəkilən üləmanı “şiəliyin əsaslarını sarsıtmaqda”, “şiə əqidəsindən kənara çıxmaqda” ittiham edir. Yuxarıda adıçəkilən kanallarda bunun onlarla örnəyi var. Söhbət konkret olaraq Peyğəmbərin (s.ə.s) həyat yoldaşı, eləcə də ilk xəlifələrə münasibətdən gedir. Hansı ki, bu mövzu uzun illər düşmənçilik və bölücülük səbəbi olub.

Əlbəttə, bu mövzu Azərbaycanda yaranmadığı üçün Azərbaycanda onun həll olunması da mümkün deyil. Amma məsələnin pis tərəfi odur ki, indi bu mövzunu ortaya atıb aranı qızışdıranlar var. Özü də münaqişə bu dəfə məzhəblər arasında deyil, bir məzhəbin daxilində gedir. Bu isə Azərbaycan üçün təhlükəlidir. Çünki Azərbaycanda bu günə qədər din və məzhəb ayrılığı mövzuları nifrət səbəbi olmayıb. İndi baş verən bu proses isə məqsədli şəkildə “İran tərəfdarları və əleyhdarları” arasında mübarizə kimi təqdim olunur. Çünki aydın məsələdir ki, Azərbaycan ictimai rəyində İrana qarşı, xüsusən də İran üləmasına qarşı soyuq münasibət var, İran təsirinin olması təhlükəli tendensiya kimi qəbul olunur. Bu səbəbdən də qarşı qrup məhz mülayim xətti İrana bağlamaqla mövzunu dini motivdən ayırıb ona geopolitik və siyasi çalar qatmağa çalışır. Ehtimal ki, hakimiyyətdə bilərəkdən və ya bilmədən buna gedən var.

Halbuki məsələ siyasi deyil, İslam məzhəbləri arasında münasibətlərdən və sərt xətt tərəfdarları ilə daha yumşaq, barışdırıcı xətt arasında qarşıdurmadan gedir. Bu mövzunun Azərbaycana ayaq açması din sahəsində düşmənçilik və nifrəti dərinləşdirəcək. Çünki qatı şiə qrupları həm daxildə, həm də “xaricə”, yəni digər məzhəblərə qarşı münasibətdə sərt görüşün tərəfdarıdırlar.

Hələlik mövzu sosial şəbəkələrdə mübahisə və müzakirələr, qarşılıqlı ittihamlar çərçivəsindən çıxmır. Tərəflər hədislər, dini rəvayətlər, tarixi hadisələri təftiş edərək bir-birinə qarşı arqument olaraq istifadə edir. Amma sabah bu prosesin daha sərt və amansız qarşıdurmaya çevrilməyəcəyinə də kimsə təminat verə bilməz.

Musavat.com Kənan RÖVŞƏNOĞLU

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/read/yeni-dini-boluculuk-tahlukasi.html