20 Noyabr, 2017
Dünya və Axirət şəfaətçiləri - Kumeyl duasının fəzilət və şərhi

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

ŞƏFAƏTİN MƏNASI

Mərifət əhlinin fikrincə şəfaət güclünün zəifə yardımından ibarətdir. Bu zəif insan mərifət, iman, saleh əməl, gözəl əxlaqdan məhrum deyil. Onun zəifliyinin səbəbi yol verdiyi günahlardır. Bu günah iman nurunu söndürən günah yox, mənəvi yüksəlişdə süstlük yaradan və behişt yolunda maneə olan günahdır. Allah-Taala öz lütf və mərhəmətinə xatir şəfaəti qərar vermişdir. Yalnız qüdrətli şəfaətçinin sayəsində günahkar mömin günah əsarətindən qurtulub, kamillik yolunda addım atır, günahların cəzasından xilas olur.

Demək, qiyamətdə şəfaət kafirlərə müşriklərə münafiqlərə imandan üz döndərənlərə şamil edilmir. «Muddəssir» surəsinin 38-48-ci ayələrində oxuyuruq: «Hər kəs öz əməlinin girovudur; sağ tərəf sahibləri istisna olmaqla; onlar cənnətdədirlər, bir-birindən soruşacaqlar; günahkarlar barəsində; sizi cəhənnəmə salan nədir; onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik; yoxsulu da yedirtməzdik; batilə uyanlarla biz də uyardıq; haqq-hesab gününü yalan sayardıq; ölüm bizi haqlayana qədər; şəfaət edənlərin şəfaəti onlara fayda verməz».

Şəfaət güclünün mənəviyyatdan məhrum olmamış zəifə yardımıdır və qiyamətin son mərhələsində gerçəkləşər. Şəfaətin təsiri şəfaətçinin məqamından və günahkarın ləyaqətindən asılıdır.("Nuh”, 26.)

ŞƏFAƏTİN ŞƏRTİ

Ayə və rəvayətlərə əsasən, şəfaət intizarında olan şəxsin müəyyən həddə qədər imanı və saleh əməlləri olmalıdır. Yalnız bu yolla dünyada yol verilmiş nöqsanları ilahi şəfaətlə aradan qaldırıb, qiyamət səhnəsində behiştə yol tapmaq olar. Bu da mümkündür ki, günahların ağırlığından cəhənnəmə düşmüş şəxs şəfaətə nail olub bu əzabdan qurtulsun.

DÜNYA VƏ AXİRƏT ŞƏFAƏTÇİLƏRİ

Ayə və rəvayətlərdən məlum olur ki, insanı ilahi rəhmətə qovuşdurub səadətə çatdıran şəfaətçilər bunlardır: iman, saleh əməl, tövbə Quran, peyğəmbərlər, imamlar, şəhidlər, həqiqi möminlər, rəbbani alimlər. Məhz bu şəfaətçilərin köməyi ilə bir çox kafirlər, müşriklər, qafillər dünyada azğınlıqdan xilas olur. Dünyada günaha yol verib tövbəyə müvəffəq olmayan iman əhli isə məhz qiyamətdə şəfaət hesabına bədbəxtlikdən nicat tapır.

Bəli, şəfaət İslam dinin əsas müddəalarındandır və onu inkar edən şəxs imandan xaricdir.

İmanın şəfaəti haqqında «Hədid» surəsinin 28-ci ayəsində belə buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan və rəhm edəndir».

Saleh əməlin şəfaətinə işarə ilə «Maidə» surəsinin 9-cu ayəsində buyurulur: «Allah iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, onları bağışlanma və böyük mükafat gözləyir.»

Ardı var..

Əvvəli - http://ahlibeyt.az/news/a-7670.html

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/read/dunya-va-axirat-shafaatchilari---kumeyl-duasinin-fazilat-va-sharhi.html