
Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.
Açılış mərasimi bir çox beynəlxalq telekanallarının və əsas KİV-lərinin baş xəbərləri sırasında yer alıb - Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindən geniş reportajlar təqdim ediblər.
Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, Türkiyənin nüfuzlu TRT HABER kanalı Bakı-Tbilisi-Qars dəmir yolu barədə bir neçə gündür yaydığı reportajları açılış mərasimindən sonra daha da genişləndirib. Ölkə televiziyalarının bir neçəsi açılış mərasimini canlı olaraq tamaşaçılara çatdırıb.
Anadolu Agentliyi bir gün ərzində mövzu ətrafında ondan çox məlumat yayıb. Ölkənin ən nüfuzlu qəzetlərindən olan “Hürriyyət” bu barədə “Tarixi an”, “Aydınlıq” “Strateji Bakı-Tbilisi-Qars dəmir yolu açıldı”, “Yeni çağ” “Əsrin layihəsi belə açıldı”, “Milliyyət” isə “Tarixi gün! Əsrin layihəsi açıldı” adlı məqalələri manşet məlumatları kimi təqdim ediblər. Gündəlik qəzetlər və xəbər agentliklərinin əksəriyyəti açılış mərasimindən videomateriallar və fotosessiyalar yayıb.Ekspertlər əminliklə bildirirlər ki, sülh və inkişaf layihəsi olan bu dəmir yolu yaxın zamanlarda çoxşaxəli şəkildə onlarla ölkəni özünə cəlb edəcək.
Türkiyənin bütün KİV-ləri Bakı-Tbilisi-Qars layihəsinin açılışını tarixi hadisə kimi dəyərləndirirlər.Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi qardaş ölkədə sosial şəbəkələrdə də geniş müzakirə olunur.