10 Oktyabr, 2017
İslam incəsənəti mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə oktyabrın 9-da "İslam incəsənəti XXI əsrdə: ənənə və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edildiyini xatırladaraq mövzunun aktuallığını vurğulayıb.

İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. İslam həmrəyliyi XXI əsrdə, Azərbaycan müstəqillik qazandıqdan sonra öyrənilməyə başlanılıb.

İslami dəyərlərin düzgün təbliğ edilməsinin vacibliyini, eləcə də dinin siyasiləşdirilməsinin yolverilməz olduğunu vurğulayan akademik qeyd edib ki, müasir dünyada ən böyük problemlərdən biri terrorizmdir. Lakin din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur. Bu cür xoşagəlməz hadisələr bütün dünyada islamofobiya meyillərini artırmaqla yanaşı, İslam dünyası əleyhinə kampaniyalara səbəb olur.

Akademik İ.Həbibbəyli müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "İslam mədəniyyəti kontekstində türk incəsənətinin dövrləşdirilməsi" mövzusunda məruzə ilə çıxış edib.

İnstitut direktoru qeyd edib ki, postsovet türk ölkələri içərisində ən çox inkişaf edən Azərbaycan milli sənətşünaslıq məktəbidir. Burada Azərbaycan sənəti və memarlığı tarixi üzərində iş hələ 1940-1950-ci illərdə başlanmışdır.

“Türk sənəti dövrləşməsinin milli modelləri özündə iki qeyri-bərabər təbəqəni birləşdirir. Onlardan birincisi bilavasitə ümumtürk sənətinin inkişaf xronologiyasını müəyyənləşdirir və əsasən qədim dövrü, qismən orta əsrləri əhatə edir. İkinci təbəqə isə müəyyən coğrafi ərazidə, yaxud türk dünyasının bir qolu – qıpçaq, oğuz, qarluq və s. hüdudlarında inkişaf edən, etnomədəni baxımdan ayrılmış, əlahiddə bədii prosesin tarixini əks etdirir. Bu təbəqə xronoloji baxımdan inkişaf etmiş orta əsrlər dövrünə aiddir” – deyə Ə.Salamzadə bildirib..

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev ölkəmizdəki tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan alimləri ilə yanaşı, İran və Qazaxıstandan olan tədqiqatçıların da iştirak etdikləri tədbirdə "Musiqi türkologiyasının mental modelləri", "İslam mədəniyyətində bədii üslublar", "Orta əsrlər Azərbaycan şəhərlərinin məhəllələri" və digər mövzularda məruzələr dinlənilib.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7466.html