
Məkkə müşriklərinin qarşısında ilk dəfə açıq şəkildə Qurani-kərimin ayələrini oxumuş səhabə kimdir?
Bu səhabə Abdullah ibn Məsuddur. Abdullah ibn Məsud ilk müsəlmanlardan idi, gözəl Quran oxuyur, təfsir elmini mükəmməl bilirdi. İslamın ilk dövrlərində müsəlmanlar cəmiyyət içində Qurani-Kərimdən ayələr oxumaq arzusu ilə yaşayırdılar.
Bunu ilk dəfə həyata keçirən şəxs bədəncə çox zəif, ictimai mövqe baxımından köməksiz olan Abdullah olmuşdur. O, Kəbənin yanında durub, bütpərəstlərin gözü qarşısında “Rəhman” surəsini əzbərdən oxumağa başladı.
Məkkənin böyükləri Abdullahın səsini eşidəndə qəzəb içində ayağa qalxıb onu kötəklədilər. Yaralanmış, al-qan içində olan Abdullah ibn Məsud Peyğəmbərin hüzuruna döndü, baş verənləri Ona anlatdı. Peyğəmbərimiz Abdullahın cəsarətini yüksək dəyərləndirib, onun haqqında dua etdi.
Mənbə İslam.az