12 İyul, 2017
İƏT XİN şurasının 44-cü sessiyasında Azərbaycanla bağlı mühüm qətnamələr qəbul edilib

Kot d`İvuarın Abidcan şəhərində 10-11 iyul tarixlərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 44-cü sessiyası keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə. Xarici İşlər Nazirliyindən Salamnews-a verilən məlumata görə, sessiya çərçivəsində Azərbaycanla bağlı mühüm qətnamələr qəbul edilib.

Ölkəmizi sözügedən tədbirdə xarici işlər nazirinin xüsusi nümayəndəsi statusunda Oqtay Qurbanov təmsil edib. Sessiyada O.Qurbanov XİN rəhbəri Elmar Məmmədyarovun adından çıxış edib.

Sessiyada Azərbaycan nümayəndəsinin çıxışı zamanı 2017-ci ilin prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan edilməsi, ölkədə İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi kimi məsələlərə toxunulub, həmçinin İƏT-ə üzv dövlətlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə İƏT Nazirlər Şurasının qətnamələrində də əks olunduğu kimi, qəti və ədalətli mövqeyinə görə təşəkkür ifadə edilib. İyulun 4-də Ermənistanın silahlı təxribatının nəticəsi olaraq 2 nəfər mülki sakinin - ikiyaşlı qız və nənəsinin öldürülməsinin, digər qadının isə yaralanmasının beynəlxalq humanitar və insan hüquqlarının kobud şəkildə pozulmasına digər bir əyani sübut olduğu bəyan edilib. Bu kimi hüquqpozmalara görə cəzasızlığa son qoyulması üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı daha qəti və hədəfli tədbirlərin görülməsinin labüd olduğu vurğulanıb.

Sessiyada Azərbaycanla bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib, həmçinin Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İƏT və ona üzv dövlətlərin bu soyqırımının qurbanları ilə bağlı Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edən, habelə Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə "İslam Həmrəyliyi İli" elan etməsini alqışlayan ayrıca qətnamələr qəbul edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” başlıqlı qətnamədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi tələb edilir və qətnamədə əks olunmuş tələblərin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinə dair narahatlıq ifadə olunur, bütün dövlətlər Ermənistanın silah və hərbi təchizatlarla təmin edilməsinə və öz ərazilərindən bu kimi təchizatların ötürülməsi məqsədilə istifadə edilməsinə yol verməməyə çağırılır. Eyni zamanda, Azərbaycanın işğal edilmiş ərazilərindəki arxeoloji, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və vandalizm aktları kəskin şəkildə pislənilir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmçinin ATƏT-in sənədləri və qərarlarına uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tez bir zamanda siyasi həllinin tapılmasına çağırış edilir.

Sözügedən qətnamədə digər bir məqam üzv dövlətlərin BMT yanında daimi nümayəndələrinin BMT-nin Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsinə tam dəstəyin verilməsi üzrə təlimatlandırma barəsində qərarın əks olunmasıdır. Qətnamədə, həmçinin Azərbaycan hökuməti və xalqı tərəfindən ölkənin müdafiəsi üçün edilən səylərə həmrəylik və tam dəstək ifadə olunur.

“Xocalı qırğınının qurbanları ilə həmrəylik” başlıqlı qətnamədə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımi səy göstərməyə səslənilir. Qətnamədə, həmçinin “Xocalıya ədalət” Beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilir və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilir.

Qəbul edilmiş digər qətnamə “2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi” başlıqlıdır. Qətnamədə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi alqışlanır, Azərbaycan tərəfindən sivilizasiyalar arasında mədəniyyət və dinlərarası anlaşma və dialoqun təşviqi istiqamətində səylər təqdir edilir və 2017-ci ilin 12-22 may tarixlərində Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili və qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkür ifadə olunur.

Sonda Azərbaycanın Naxçıvan şəhərinin 2018-ci il üzrə İslam Mədəniyyət Paytaxtı elan edilməsi alqışlanılır.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin islam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir. Bu kimi əməlləri ilə Ermənistanın silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7190.html