
Azərbaycanda çoxsaylı gənclər təşkilatları Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kənd sakinlərini qətlə yetirməsinə etiraz əlaməti olaraq yürüş keçirəcək.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yürüşə sabah Bakıdakı “Bridge Plaza”nın qarşısından başlanacaq.
Yürüş iştirakçıları saat 11:00-da Rusiya, 11:20 ABŞ, 12:00-da isə Fransa səfirliklərinin qarşısından keçəcəklər.
Nazirlik gəncləri yürüşdə aktiv olmağa çağırıb.
Qeyd edək ki, hər üç ölkə ATƏT-in Minsk qrupunun həmsədridir.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.