8 May, 2017
Tbilisidə "Xilaskarın intizarı İslam məzhəblərində" mövzusunda elmi konfrans keçirilib -Foto

Gürcüstan Müsəlmanları İdarəsinin və “Alulbeyt” Dini Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tbilisidə "Xilaskarın intizarı İslam məzhəblərində" mövzusunda elmi konfrans keçirilib.

GMİ-dən Ahlibeyt.az-a verilən məlumata görə, din, elm və ictimaiyyət xadimlərinin qatıldığı konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi, İran və Azərbaycandan dəvət olunmuş alim, şair və məddahlar iştirak ediblər.

Konfrans Qurani-kərimin tilavəti başlayıb.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov ayə və hədislərə əsasən İmamət məqamının hər dövr üçün zəruriliyini açıqlayıb.

Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev əhli-sünnə mənbələrinə əsasən müəyyən fərqli nəzəriyyələrin mövcudluğunu qeyd etsə də, Həzrət Mehdi (ə.f) inancının haqq olduğu və xilaskarın intizarında olmanın əhəmiyyətindən danışıb.

Daha sonra Gürcüstanda qonaq olan Həzrət Mehdi (ə) adına Araşdırma Mərkəzinin sədri Pur Seyid Ağayi və İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin nümayəndəsi Höccətül İslam vəl-müslimin Seyid Əli Əkbər Ocaqnejad dövrümüzün imamı, vəd olunmuş xilaskar - Həzrət İmam Mehdinin (ə) zühurunun fəlsəfəsi, intizarın sirr və əhəmiyyəti, İlahi əmrin hər iki məzhəb mənbələrində qeyd olunması haqda geniş söhbət açıblar.

Qeyd edilib ki, son xilaskarın Peyğəmbərimizin (s) Əhli-beytindən, pak nəslindən olması və Qiyamətdən öncə zühur edərək zülmlə dolmuş dünyaya ədalət, sülh və xoşbəxtlik bəxş edəcəyi məsələsində bütün İslam alimləri və məzhəbləri yekdilliklə həmfikirdirlər. Sonra Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Əli Əliyev təbriklərini və konfransla bağlı fikirlərini çatdırıb.

Konfrans tanınmış Əhli-beyt şairi Ustad Qəffarinin İmam Zaman (ə) haqqında şeirləri  və İmam Zaman(ə)ın "Fərəc" duası ilə sona çatıb.





Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6769.html