
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 23 il keçir.
Ahlibeyt.az-nın məlumatına görə, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib.
Kəlbəcər şəhərindəki məscid işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 metr² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.işdir.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.
Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.
İşğal altında qalan Kələbəcərdə onlarla tarixi abidə qalmışdır
Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı olmuş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələr göstərir ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdur. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü xalqlarının kilsələrindən fərqlənir.
Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastırın divarında daş üzərindəki epiqrafik yazıda bildirilir: “Yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.
Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlandırılmışlar. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy Qandsazar monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun (ölkənin ruhani idarəsi) rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək, diofizit (Həzrət İsanın (ə) həm bəşəri, həm də ilahi sifətə malik olmasına inanmaq) alban xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimi bu monastır kompleksinin ərazisində dəfn edilmişdir. Hündür qala divarları ilə əhatə olunmuş Qandzasar kompleksinə alban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd maili dam örtüyündə yüksələn monastır binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir.
Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət yerli xristianların iqamətgahı olmuş monastır dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır.
Tarixi-dini abidələri
Məscid (XIX əsr)
Məscid (XVIII-XIX əsrlər) – Başlıbel kəndi
Məscid (XIX əsr) - Otaqlı kəndi
Ziyarətgahları
Qoç daşlar piri – Əsir kəndi yaxınlığında
Seyid Əsədullahın ziyarətgahı (XIX əsr) – Söyüdlü yaylağı
Seyid Bağır ağanın ocağı – Başlıbel kəndi
Seyid Əliabbas ağa ziyarətgahı – Başlıbel kəndi
Seyid Əhməd ağa ocağı
Məbədlər
Alban məbədi (500-cü il) – Həsənriz kəndi
Alban məbədi (V-IX əsrlər) – Vəng kəndi
Alban kilsəsi (V-VII əsrlər) – Çərəkdar kəndi
Alban məbədi (614-cü il) – Kolataq kəndi
Müqəddəs Yaqub kilsəsi (635-ci il) - Kolataq kəndi
Alban məbədi (672-ci il) – Qocaqot kəndi
Alban məbədi (698-ci il) – Qocaqot kəndi
Alban məbədi (713-cü il) – Dəstəgir kəndi
Alban məbədi (718-ci il) – Qasapet kəndi
Alban kilsəsi (VIII-IX əsrlər) – Tərtər çayının Bulanıq çayı ilə qovşağında
Alban məbədi (X əsr) – Qarnakar kəndi
Alban kilsəsi (XI əsr) – Qarnakar kəndi
Alban məbədi (XII əsr) – Çıldıran kəndi
Tarixi memarlıq abidələri
Daşdan yonulmuş qoyun və at təsvirli başdaşıları (XIX əsr) – Zar, Zeylik, Keşdək kəndləri
Lök qalası (VII-VIII əsrlər) – Qanlıkənd kəndi
Uluxan qalası (VII-IX əsrlər) – Qaracanlı kəndi
Qalaboynu qalası (VIII-IX əsrlər) – Qalaboynu kəndi
Comərd qalası (VIII-IX əsrlər) – Comərd kəndi
Keşikçi qalası (VIII-IX əsrlər) – Qamışlı kəndi
Urud abidələrinin xronoloji sayı (1478-1610) – Zar, Zeylik, Keşdək kəndləri
Tağlı daş körpü (XIX əsr) – Soyuqbulaq kəndi
Tarix-diyarşünaslıq muzeyi (1983-cü il)