“Şeyxülislam Hacı Allahşükür  Paşazadənin şəxsi təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin arxiv  sənədləri Tiflisdən Bakıya gətirilir”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Arxivin rəhbəri, tarix elmləri doktoru, professor Anar İsgəndərli deyib. 
 
 A. İsgəndərli qeyd edib ki, 2 ildən artıqdır, Qafqaz Müsəlmanları  İdarəsinin 1823-1918-ci illəri əhatə edən arxivinin Azərbaycana  gətirilməsi ilə bağlı iş aparılır: “Həmin müddətdə idarə Tiflisdə  fəaliyyət göstərib. Artıq 4 min səhifəyə qədər arxiv sənədi Bakıya  gətirilib. Ancaq sənədlərin hamısının əslinin gətirilməsi çox çətindir.  Lakin bu istiqamətdə də işlər görülür”. 
 
 A. İsgəndərli bildirib ki, QMİ-nin əməkdaşları vaxtaşırı Tiflisə -  Gürcüstan Mərkəzi Dövlət Arxivinə ezam olunur: “Əsas odur ki, arxivdə  Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı hansı sənədlərin yerləşdiyi artıq  bizə məlumdur. Bu məsələdə Şeyxülislamın şəxsi münasibətləri də mühüm  rol oynayır, iş uğurla davam etdirilir”. 
 
 Arxivin rəhbəri QMİ-nin müfəssəl tarixinin yazılması istiqamətində  işlərə başlanıldığını da deyib: “Bu sənədlər kitab şəklində nəşr  olunacaq. Yaxın illərdə kitabın nəşr olunmasına çalışırıq”.
 
 Qeyd edək ki, 1823-cü ildə çar Rusiyasında Qafqaz (Zaqafqaziya)  şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi  təsis edilib. Bundan 9 il sonra - 1832-ci ildə Tiflis şəhərində Qafqaz  sünnilərinin başçısı olan müfti vəzifəsi də yaradılıb. Şeyxülislamın  rəhbərlik etdiyi idarənin nəzdində şiə, müftinin rəhbərlik etdiyi  idarənin nəzdində isə sünni ruhani idarələri 1872-ci il 5 aprel tarixli  çar fərmanı ilə təsis edilib və 1917-ci ilin fevralına qədər fəaliyyət  göstərib. 1823-cü ildən bu günə kimi 12 şeyxülislam və 11 müfti olub.
apa.az