
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İran İslam Respublikasına rəsmi səfər edib.
Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və İranın dövlət himnləri səsləndi.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib.