9 Fevral, 2019
Şəhadət yatağında - Xanım Fatimeyi-Zəhranın(s.ə) Mədinə qadınlarına məşhur xitabı

Təbərsi «Ehticac» kitabında  Süveyd ibn Qüflənin söylədiklərini belə təsvir edir:

Həzrəti-Fatimə(s.ə) ölüm yatağında olarkən mühacir və ənsar qadınlarından bir qrupu onun yanına gəlib belə ərz etdi:

- Ey Peyğəmbər(s) qızı, bu xəstəliklə səhəri necə açdınız?

Fatimə(s.ə) Allaha həmd və səna dedikdən, eləcə də atası Peyğəmbər(s)-ə salam göndərdikdən sonra buyurdu:

"And olsun Allaha! Səhəri sizin dünyanı, sizin kişiləri bəyənmədiyim halda açdım. Sizin kişiləri düşmən bilirəm, çünki onları öz dilimin altında yoxlayıb tulladım və onları sınaqdan sonra tanıdım.

İti qılıncların kütləşməsi, (yəni sizin kişilərin əvvəllər İslamın inkişafı yolundakı fəallığı, sonradan isə bu məsələdə süsüt olmaları), iman gətirdikdən sonra dindən çıxıb dünyəvi həvəslərə aludə olaraq azğınlaşmaq çox çirkindir.

Nə qədər çirkindir bu dəstə (bizim hüququmuzu müdafiə etməyənlər) və onlar üçün İlahi əzab. Onlar özlərini əbədi axirət əzabına düçar etdilər. Görərsiniz, əzabın ağır daşını onların boynuna saldım və onların çirkin əməllərinin cavabını onlara qaytardım. Onları boşladım, əməlləri paltar kimi onların əyinlərini bürüdü.

Bizə zülm edənlərdən Allahın geniş rəhməti kəsilsin və onlar o rəhmətdən uzaq düşsünlər. Vay olsun onlara ki, rəhbərlik və imamlıq məqamını möhkəm risalət dağlarından aldılar, nübüvvət və hidayət köklərini və Cəbrayılın nazil olduğu yeri haqqın sahibindən məhrum etdilər.

Bilin ki, sizin kişilərin əməlləri, aşkar bir ziyandır (İslama). Çünki onlar Əli(ə.s)-dən üz çevirdilər. And olsun Allaha! Əli(ə.s)-nin qılıncı meydanda iti və kəsərli olub. O, ölümdən qorxmurdu, öz qüdrətli əlləri ilə düşmən cəngavərlərini fəlakət torpağına atıb məhv edirdi. Allaha and olsun! Əgər onlar ümmətin idarəsini Əli(ə.s)-yə tapşırsaydılar, O(ə.s), hər yolundan azanı yola gətirərdi. Əli(ə.s) aşkar hüccətdən qaçanları qaytarardı. O camaatı haqqa tərəf elə sövqləndirərdi ki, haqqa üz tutanların nə ağzı yaralanar, nə də yorulardı. Əli(ə.s) onları çoxlu, həm də ətirli şəlalələrə varid edərdi. O şəlalələrin suyu və ətrafı saf, pak olardı.

Bəli, Əmirəlmöminin(ə.s) onları məhz bu cür sularla sirab edərdi. Həzrəti-Əli(ə.s) özü onların dünyasından bəhrələnmədiyi bir halda nəsihət edərdi. Məqamını öhdəsinə götürsəydi, doğru və yalançı, təqvalı və həris insanlar bir-birindən fərqlənərdilər.

«Və əgər şəhərlərdə və kəndlərdə yaşayan camaat iman gətirib təqvalı olsalar yerin və göyün bərəkətləri onlar üçün açılar (onlara verilər). Amma onlar (həqiqətləri) inkar etdilər, biz də onları öz əməllərinin cəzasıyla cəzalandırdıq». (Əraf, 96)

«Və bu dəstədən o kəslər ki, zülm etdilər, öz pis əməllərinin cəzasına çatacaqlar və heç vaxt İlahi əzabın cəngəlliklərindən qaça bilməyəcəklər». (Zümər, 51)

Zəmanəyə bax! Ey kaş biləydim ki, bu (bivəfa) camaat nəyə və kimə arxalanıb belə ailəyə təhqir və zülm edib pis yol seçdilər?!

Onlar bizə zülm etdilər və bizə kömək etmədilər. And olsun Allaha, möhkəm qanadları buraxıb toyuq qanadlarına yapışdılar. Kül olsun elə başlara ki, sahibləri yaxşı iş gördüklərini güman edirdilər, amma cahil tamahkardırlar.

«İtaət etmək üçün haqqa hidayət edən şəxs layiqlidirmi, ya özü hidayət olmayan şəxs? Məgər ki (başqası tərəfindən) hidayət oluna? Sizə nə olub? Necə də (batil) hökm verirsiniz?» (Yunis, 35)

Bilin ! Canıma and olsun, sizin (kişilərin) bu hərəkətiniz çox çəkməz, vaxt gələr ki, sona yetər. Cəza vaxtı çatdıqda azğınlar öz layiqli cəzalarını alarlar. Gələcək nəsillər isə özlərindən qabaq yaşayanların aqibətinə baxar, ibrət götürər.

Fitnə və bəla gözləyin, özünüzü iti qılınclar, zalımlar səltənəti, ümumi hərc-mərcliyə hazırlayın. Zalımlar sizi çalıb-çaparlar, sizin üçün çox az bir şey qoyarlar. Sizin cəmiyyətinizi qətlə yetirərlər. O vaxt düzgün rəhbərlik xəttindən ayrıldığınız üçün həsrət çəkərsiniz. Sizin qəlbləriniz kor olubdur".

Süveyl ibn Qüflə deyir ki, Fatimə(s.ə)-nin görüşünə gələnlər (qadınlar) həzrəti-Zəhra(s.ə)-nın sözlərini öz ərlərinə çatdırdılar.  Mühacir və ənsar böyüklərindən bəzisi üzr istəmək üçün Fatimə(s.ə)-nin hüzuruna gəlib belə ərz etdilər:

- Ey dünya qadınlarının Xanımı! Əgər Əli(ə) xilafət məqamını tez bildirsəydi, biz ona beyət edərdik və başqa heç kimin ardınca getməzdik.

- Fatimə(s.ə) onlara buyurdu: Məndən uzaqlaşın. Artıq sizin üçün üzr gətirməyə bir bəhanə qalmayıbdır. Göstərdiyiniz süstlük, laqeydlik və günahınızdın sonra üzrxahlığa yer yoxdur. Niyə əvvəldən aldandınız?..

Bundan bir neçə gün sonra Həzrəti Fatimə dünyasını dəyişdi.Xanım Fatimə(s.ə) Hz.Əliyə(ə) vəsiyyət etdi ki, onu gecə qüsl etsin, gecə kəfənləsin və gecə dəfn etsin.Peyğəmbər(s) gözünün nuru Fatiməni(s.ə) yeddi nəfərlə gecə gizlin dəfn elundu.

Peyğəmbər(s) qızının gizli dəfn olunması və mübarək məzarının bugünədək gizli qalmasının məqsədi insanları düşündürməkdir.Bu addımla Xanım Zəhra(s.ə) öz etirazını tarixə yazdı.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6383.html