28 Fevral, 2017
BMT-nin baş katibi Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır.

Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib.

"Baş katib tərəfləri atəşkəs rejiminə əməl etməyə və  tezliklə danışıqları bərpa etməyə çağırır”, deyə S.Düjarrik qeyd edib.

O həmçinin vurğulayıb ki, Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınmasına yönələn səylərini birmənalı olaraq dəstəkləyir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6358.html