24 Fevral, 2017
Qiyamət sorğusunda peyğəmbər nəslindən olmağın faydası varmı?

İslam peyğəmbəri həzrət Məhəmmədin (s) layiqli nəvəsi dördüncü imam Zeynəl-Abidin (ə) buyurur: "Allah-təala behişti, Həbəşi qul da olmuş olsa, Ona itaət edən saleh əməl sahibləri üçün yaradıb. Cəhənnəmi isə, Qüreyş övladı da olmuş olsa, Ona itaətdən boyun qaçıranlar üçün xəlq edib"(Təfsiri Nurus-səqəleyn,3-cü cild,səh 564 )

"Möminun" surəsinin 101-ci ayəsində buyurulur: "Sur çalındığı gün, artıq onların arasında heç bir qohumluq əlaqəsi qalmaz və bir-birlərindən kömək istəməzlər".

Ravilərdən biri belə nəql edir:

"Aylı bir gecədə Allah evini təvaf edərkən, könül oxşayan gözəl və qəmli bir səs eşitdim. Göz gəzdirəndə üzündən nur yağan bir gəncin Kəbə pərdəsindən tutub, dua etdiyini gördüm.O, deyirdi: "Ey mənim böyüyüm, ey mənim ağam! Bəndələrinin gözünü yuxu aparıb, ulduzlar bir-birinin ardınca məğrib üfüqlərində gözdən itir. Sən isə oyaqsan, ətrafında heç zaman yuxu dolanmaz. Bu gecə yarısı padşahlar qapısını bağlamış, dostlar bir-birindən ayrılmışdır. Ehtiyaclıların üzünə açıq qalan bircə sənin qapındır. Qapına gəlmişəm, xətakaram. Bağışlanmağa ümidlə gəlmişəm! Lütf nəzərinin istəyi ilə gəlmişəm!". Onu tanıdım. Bu, imam Zeynəl-Abidin (ə) idi.

Yaxınlaşıb dedim: "Ey peyğəmbər balası, sizin haqqınızda təthir ayəsi nazil olub. Bu göz yaşları nədir?». İmam (ə) buyurdu: «Allah-təala behişti itəaətkar bəndələr, cəhənnəmi isə asilər üçün yaradıb. Qiyamət sorğusunda Həbəşi qul, ya Qüreyş başçısı olmağın heç bir fərqi yoxdur".

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6342.html