
Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti mart ayında istifadəyə veriləcək.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, bu barədə fevralın 7-də “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran İslam Respublikası yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə arasında keçirilən görüşdə deyilib.
Görüşdə Astara (Azərbaycan) - Astara(İran) dəmir yolu sahəsinin tikintisi, Astara terminalının inkişaf etdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin icra vəziyyəti məsələləri müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iki ölkə Prezidenti arasında yaranmış səmimi münasibət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsini qeyd edib. Eyni zamanda Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələrdən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması prosesində görülən işlərdən, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının istifadəyə verilməsindən və digər məsələlərdən danışıb.
İİR yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometrlik dəmir yolunun çəkilişinin başa çatmasını, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının fəaliyyətə başlamasını yüksək dəyərləndirib. Bildirib ki, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti mart ayında istifadəyə veriləcək.
Hazırda Astarada (İran) işlər sürətlə davam edir. Bu işlərin tərkibinə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası daxildir.