30 Yanvar, 2017
Günahı təkrarlamağın və tövbə etməməyin aqibəti

Ayə və rəvayətlərdə günahın bir çox təsirləri bəyan olunmuşdur.Günah yaxşı əməli puça çıxarır, insanı dünya və axirət bəlalarına düçar edir. Günah duaların qəbuluna mane olur. Günahkar insan şəfaətçilərin şəfaətindən məhrum olur. Günah qəlbi bərkidir, qaraldır, imanı aradan aparır. Günahkarlara olunan nəsihət nəticəsiz qalır. Günah insanı rüsvay edir, onun ruzisini əksildir. Günah insanı ibadət və bəndəlikdən uzaqlaşdırır. Günah insanı şeytanla mübarizədə məğlubiyyətə düçar edir, ailə və cəmiyyətdə rabitələri qırır. Günah nəticəsində insanlar arasındakı etibar itir. Günahkar insan çətin can verir, onun qəbir əzabı ağır olur

İnsan qəflət, nadanlıq və nəfsani qüvvələrin coşub-daşması nəticəsində günaha batarsa, gecikmədən Allahın mərhəmətinə sığınıb ondan bağışlanmasını istəsin.Tövbə və istiğfar suyu ilə qəlbini, ruhunu yuyub təmizləsin, əks təqdirdə səhlənkarlıq və işi bu gün-sabaha qoymaq özü də bir günah olub inadkarlığa dəlalət edər.

"Qurani-Kərim”dən belə faydalanırıq ki, tövbə iki şərtlə qəbul olunur: insan günaha küfr və inadkarlıq üzündən yox, öz cəhaləti və nadanlığı səbəbindən batmış olarsa; günaha batandan sonra vaxt ötürmədən peşman olub dərhal tövbə edərsə.

Allah-təala buyurur:

"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunur ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edələr. Allah belələrinin tövbəsini qəbul edər! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq." («Nisa»-17,18).

Günahından peşman olmayıb tövbə etməyi təxirə salanları qarşıda acınacaqlı bir aqibət gözləyir. İmam Sadiq(ə)-dən belə bir hədis nəql olunur:

"Atam (İmam Baqir)(ə) dəfələrlə deyərdi: «Qəlb üçün günahdan pis şey yoxdur, çünki ürək günaha batıb günahı təkrar etdikcə günah qəlbə hakim kəsilib onu xarabaya çevirir."(Sünəni-Nəsai c-IV  s-117)Yəni təbii olaraq, üzü Allaha tərəf olan qəlb qiyafəsini dəyişib qaralaraq bir daha haqq söz və nəsihət eşitmir.

Qurani-Kərim Allah ayələrini təkzib edib səmavi həqiqətlərə istehza edənlərin aqibəti barədə buyurur:

"Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" ("Rum"-10).

İmam Sadiq(ə)-dən belə nəql olunmuşdur:

"Allah-təala buyurur: «Əgər mənim bəndəm öz nəfsani istəklərini mənə itaət etməkdən üstün tutarsa, onu cəzalandırmaq üçün ən azı mənə münacat etməyin ləzzətini ondan alaram."(Biharül-ənvar”: Beyrut çapı: c XXXII / s-92)

Başqa bir hədisdə İmam Sadiq(ə) belə buyurur: "Şübhəsiz, günaha batan şəxs onun (günahın) təsirindən gecə namazından məhrum olur. (Mənəvi qidaları kəsməkdə) günahın təsirinin sürəti iti bıçağın əti kəsməkdə sürətindən daha çoxdur."("Üsuli-kafi” II c/ s-129)

Nəhayət, insan özünü o yerə çatdırır ki, onun qəlbinə və qulağına qəflət möhürü vurulub, qaranlıq və zəlalət pərdəsi gözünə çəkilərək: "Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır." («Bəqərə»-7) ayəsi ona şamil olur.

Günah öldürücü bir zəhərdir. Əgər onu dəf etmək üçün bir tədbir görülməzsə, daha nicat tapmaq üçün bir yol qalmaz.

Qurani-Kərimdə buyrulur:

"(Ey Mühəmməd!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü (qiyamət günü) ilə qorxut!" («Məryəm»-39).

O "vaxt deyərlər: "...Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!" («Ənam»-27).

Bir hədisdə belə buyurulur:

"Hər bir dərdin dərmanı vardır. Günahların da dərmanı istiğfardır."("Üsuli-kafi” II c/ s-105 / Sədaqət və əmanətdarlıq fəsli / hədis №1)

Bunu da bilmək lazımdır ki, istiğfar və tövbə üçün ən yaxşı vaxt gecə yarısıdır. O zaman bütün qapılar bağlı və hamı yuxuda olur,lakin Allahın rəhmət qapıları o zaman bəndələrinin üzünə açıq olur.

Allah mömin bəndələri vəsf edərək buyurur:

"Onlar (müsibətlərə) səbir edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir. (sübh namazına qalxanlardır)." («Ali-İmran»-17).

Başqa bir ayədə isə buyurulur:

"Onlar gecələr (ibadətlə məşğul olub) az yatardılar. Səhərlər isə (Allahdan) bağışlanmaqlarını diləyirdilər." («Zariyat»-17,18).

Əbu Həmzeyi Sumali duasınının bir hissəsindəki münacatda oxuyuruq:

" İlahi! Mən özüm-özümlə əhd bağlayıb "bundan sonra mənim batinim yaxşı olacaq və tövbəkarların məclisinə gedəcəyəm” - deyə özümə söz verdikdən sonra görəsən nə oldu ki, birdən-birə mənə bəla gəldi, ayağım büdrədi, mənimlə Sənin aranda sədd yarandı? Ey mənim Mövlam! Olmaya Sən məni Öz mərhəmət qapından qovub bəndəlik xidmətindən uzaqlaşdırıbsan? Bəlkə mənim bəndəlik haqqını yüngül tutduğumu görüb məni Öz rəhmət qapından qovmusan? Olmaya, mənim Səndən üzüdönük olduğumu görüb mənə qəzəblənmisən? Bəlkə məni yalançılar arasında görüb öz qayğından məhrum etmisən? Bəlkə məni nemətlərinə qarşı naşükür görüb məhrum etmisən? Bəlkə məni elm adamlarının məclisində tapmayıb zəlalətə atmısan? Bəlkə məni qafillər arasında gördüyünə görə öz mərhəmətindən naümid etmisən? Bəlkə məni batillər (boşboğazlar) məclisində görüb elə oradaca onların arasında qoymusan? Yoxsa duamı eşitmək istəmədiyindən öz dərgahından qovub, həyasızlığıma və utanmazlığıma görə məni cəzalandırmısan? ..."

 


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6192.html