10 Yanvar, 2017
Azərbaycanda 2017-ci il "İslam Həmrəyliyi ili" elan olundu

Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi İli elan edib

Ahlibeyt.az-ın məlumatına görə, bunu Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev iclasda giriş nitqi söyləyərək 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını dedi. Bildirdi ki, bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb.

İclasda çıxış edən dövlətimizin başçısı qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var: "Biz bu Oyunları keçirməklə bir daha öz gücümüzü, imkanlarımızı göstərəcəyik, öz dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik və çalışacağıq ki, İslam aləmini birləşdirək. Çünki İslam aləmi üçün ən böyük təhlükə də elə İslam aləmindən gəlir. Bizi bölmək istəyənlər, nifaq salmaq istəyənlər, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar".

İlham Əliyev qeyd edib ki, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir:

"Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkə haqqında nələr deyir, necə yüksək qiymətlər verirlər. Bəzən bir-biri ilə yol getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Bax budur bizim siyasətimiz. Bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir prinsipialdır və cəsarətlidir.

Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edirəm".


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6085.html