31 Dekabr, 2016
Ermənistan silahlı bölmələri dekabrda atəşkəsi 1316 dəfə pozub

Dekabrda erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə əsasən, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Bu ay erməni tərəfi cəbhədə vəziyyəti növbəti dəfə məqsədyönlü şəkildə gərginləşdirməyə cəhd edib. Cavab tədbirləri nəticəsində düşmən susdurulub, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Dekabrın sonlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

Bu ay Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 3 pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Qeyd edək ki, Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6051.html